RU

Azərbaycanın bu ölkə ilə quru sərhədləri açılır?

İranın mədəni irs, turizm və əl işləri naziri Rza Salehi Əmiri Ərdəbil bildirib ki, Bakı və Tehran quru sərhədləri açıla bilər və sərnişin daşımaları bərpa oluna bilər. Bununla bağlı müzakirələrə başlanılıb. Bəs, həqiqətən də, İran və Azərbaycan quru sərhədləri açıla bilər?Millət vəkili Aydın Mirzəzadə Metbuat.az -a açıqlamasında bildirib ki, müəyyən hallar nəzərə alınaraq quru sərhədləri müəyyən kateqoriyadan olan insanlar üçün açıla bilər: “Azərbaycanın quru sərhədləri 2020-ci ildə COVID-19 təhlükəsi ilə əlaqədar bağlandı və ötən dövr göstərdi ki, ölkəmiz düzgün qərar verib. Bu addım bizi daha böyük problemlərdən, ən əsası isə lazımsız insan itkilərindən qorudu. Quru sərhədlərin bağlı qalması ilə bağlı Ermənistan istisna olmaqla digər ölkələrlə heç bir problemimiz olmayıb və hazırda da mövcud deyil. Ümid edirik ki, sülh müqaviləsi imzalandıqdan sonra Ermənistanla da münasibətlər normal qonşuluq müstəvisinə keçəcək. Koronavirus təhlükəsi demək olar ki, aradan qalxıb, amma onu tamamilə nəzərdən qaçırmaq da olmaz. Bununla yanaşı, sərhədlərimiz yaxınlığında çox ağrılı proseslər gedir. Rusiya–Ukrayna müharibəsi, eləcə də İranda vaxtaşırı baş verən hadisələr Azərbaycanı quru sərhədlərini bağlı saxlamağa məcbur edir. Hava yolu ilə sərhədlərimiz açıqdır, gediş-gəlişlər mövcuddur və bu istiqamətdə hər hansı problem yaranmır”.A.Mirzəzadə bir daha diqqətə çatdırıb ki, İran tərəfinin təşəbbüsü ilə Azərbaycanın quru sərhədlərinin açılması ilə bağlı danışıqlar aparılır və hər iki tərəf məsələni öz arqumentləri ilə əsaslandırır: “Danışıqların necə getdiyi barədə tam məlumatlı deyiləm, ona görə də bu barədə konkret fikir söyləmək çətindir. Amma mümkündür ki, müəyyən hallar nəzərə alınaraq quru sərhədlər bir qrup, yəni müəyyən kateqoriyadan olan insanlar üçün açılsın. Bu, ailə vəziyyəti, sağlamlıqla bağlı məsələlər və ya çox zəruri ticarət əlaqələrinin bərpası ilə əlaqədar ola bilər. Bir sözlə, çox şey tərəflərin mövqeyindən və sərhədlərin tam və ya qismən açılmasından sonrakı vəziyyətin necə müzakirə olunacağından asılıdır”. Deputat qeyd edib ki, Azərbaycan qonşu ölkələrlə, o cümlədən İranla yaxşı münasibətlərin qurulmasında maraqlıdır və tərəflər ortaq məxrəcə gələ bilərlər.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
29
metbuat.az

1Источники