RU

İran-Azərbaycan quru sərhədləri açılacaq - bəlkə nazir İlham Əliyevin reaksiyasını düz başa düşmədi?...



Arzuxan Əlizadə: “Quru sərhədlərin bağlı qalmasının kökündə müəyyən səbəblər dayanır”

Yüksək vəzifəli rəsmilər arasında danışıqlardan sonra Azərbaycan və İran quru sərhədi boyunca sərnişin daşımalarının bərpası imkanlarını müzakirə edir. Bunu İranın mədəni irs, turizm və əl işləri naziri Rza Salehi Əmiri Ərdəbil bölgəsindən olan parlament üzvləri ilə görüşündə deyib.

Nazir bildirib ki, İran prezidenti Məsud Pezeşkianla birlikdə Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev sərhəddəki vəziyyətə reaksiya ilə bağlı müsbət vədlər verib.

Məlumat üçün qeyd edək ki, oxşar xəbər bir müddət əvvəl Gürcüstan barədə deyilmişdi. Belə ki, iki ölkə rəsmilərinin görüşünə istinad olunaraq tezliklə quru sərhədlərin açılacağı bildirilirdi. Ancaq bu deyilənlər baş vermədi. Nəzərə alsaq ki, Azərbaycan pandemiyaya görə yox, məhz təhlükəsizliyə görə sərhədləri bağlı saxlayır, o zaman indi İranla quru sərhədinin açılması mümkündürmü?

Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə deyilənləri real hesab etmir: “Düşünmürəm ki, yaxın vaxtlarda Azərbaycanla İran arasında quru sərhədi açılacaq. Məsələ ondadır ki, quru sərhədlərin bağlı qalmasının kökündə müəyyən səbəblər dayanır. Bu, təkcə İranla sərhədə aid olan məsələ deyil. Ölkənin bütün quru sərhədləri ilə bağlı olan məsələdir. Bəli, biz də tərəfdarı deyilik ki, sərhədlər bağlı qalsın. Artıq 6 ildir ki, Azərbaycanın quru sərhədləri bağlıdır. Bu da qonşu ölkələrə səfər edən vətəndaşlarımız üçün müəyyən çətinliklər yaradır, onların sosial vəziyyətinə mənfi təsir edir və s. Ancaq elə məsələlər var ki, bu, daha önəmli çəkiyə malikdir. Söhbət ölkənin təhlükəsizliyindən gedir. Görünür, dövlətdə bununla bağlı daha ciddi məlumatlar var və bu səbəbdən quru sərhədlərinin açılması yubanır. Üstəlik, İran ətrafında məlum səbəblərdən gərginlik artmaqdadır. Söhbət Birləşmiş Ştatların İran sahillərində böyük hərbi flotiliyasını cəmləşdirməsindən gedir. Əgər Vaşinqtonla Tehran arasında aparılan danışıqlar nəticə verməsə, o zaman ABŞ-ın İrana zərbə endirməsi ehtimalı böyükdür. Bunun da hansı humanitar problemlər yaradıb-yaratmayacağını indidən demək, proqnozlaşdırmaq çox çətindir. Çünki bu kimi hadisələr baş verəndə bir sıra hallarda gözlənilməyən vəziyyət yaranır. Digər tərəfdən, əgər İranla quru sərhədi açılacaqsa, gərək digər qonşu dövlətlərlə də sərhədlər açılmalıdır”.

Vidadi ORDAHALLI

Избранный
18
baki-xeber.com

1Источники