Əfsanəvi “Eagles” rok qrupu yarım əsrdən artıq davam edən səhnə fəaliyyətinə son qoymağa hazırlaşır.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə qrupun solisti Don Henli “CBS Sunday Morning” proqramına müsahibəsində açıqlama verib.
Dünya musiqisinə “Hotel California” hitini bəxş etmiş qrup 2026-cı ildə başa vuracağı “The Long Goodbye” turu ilə səhnə ilə vidalaşmaq niyyətindədir. Musiqiçi bu qastrol səfərinin “Eagles” qrupunun karyerasında sonuncu olacağını bildirib.
“Mənə elə gəlir ki, biz həqiqətən finala yaxınlaşırıq və bu məni qane edir”, - sənətçi qeyd edib.
Qrup fəaliyyətini başa vurduqdan sonra musiqiçi vaxtını ailəsinə, səyahətlərə və daimi qastrollar səbəbindən əvvəllər diqqətsiz qalan sadə həyat sevinclərinə həsr etməyi planlaşdırır. Solist həmçinin dünyanı hava limanlarının, hotellərin və konsert meydançalarının pəncərələrindən görmək deyil, bu yerləri həqiqətən yaşamaq istədiyini dilə gətirib.
Hazırda “Eagles” qrupu hələ 2023-cü ildə başlanmış vida turunu davam etdirir. Bütün dünyada milyonlarla fanat üçün bu, bütöv bir dövrün simvoluna çevrilmiş qrupun musiqisini canlı dinləmək üçün son imkandır.
Xatırladaq ki, “Eagles” 1971-ci ildə yaradılıb və bütün zamanların ən uğurlu rok kollektivlərindən biri kimi tarixə düşüb. Onların “Hotel California” albomu dünya səhnəsinin klassikasına və rok musiqisinin qızıl fondunun bir hissəsinə çevrilib.


“Cebheinfo.az”