RU

“Bütün xalq sussa da olar, təki o oxusun” Orxan Saffari yazır…

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Birmənalı, konkret, qeyd-şərtsiz şəkildə demək gərək:

“İlqar Muradov Azərbaycan musiqisinin əfsanəvi sənətkarıdır”.

Əlbəttə, onun səsi insanın özü üçün də, Azərbaycan musiqisi üçün də əvəzsiz bir nemətdir.

Heç şübhəsiz, İlqar Muradov Azərbaycan xalqının başına gəlmiş ən gözəl hadisələrdən biridir. Təkcə ifaçı kimi yox, elə həm də şəxsiyyət kimi.

Hərdən adam istəyir ki, lap bütün xalq sussa da olar, təkcə İlqar Muradov oxusun.

Əslində, məsələ belədir:

İlqar Muradovun səsə yox, səsin İlqar Muradova ehtiyacı var. Heç şübhəsiz, onu dinləməsən, “peşman olarsan”.

Onun sənətinin nə qədər böyük olduğunu, özünün sənətə necə yanaşmasını görmək üçün təkcə bir müsahibəsinə baxmaq kifayət edir.

Muradov müsahibədə deyir:

“Necə söhbət edirəmsə, o cür də oxuyuram. Ümumiyyətlə, mən tanımadığım, mənə uyğunsuz olan məclislərə getmirəm. Digər tərəfdən, toya da öz repertuarımla gedirəm. Otuz illik təcrübəmdə rast gəlməmişəm ki, toyda gəlib məndən bayağı mahnı istəsinlər. Mən oynamaq üçün oxumuram. Mən oxuyuram ki, məni dinləyib zövq alsınlar”.

Şübhəsiz, elə təkcə bu ifadələr İlqar Muradov səviyyəsinin harada, necə olduğunu aydın göstərir.

O, sadə bir ifaçı deyil, Azərbaycan musiqisinin yaddaşıdır.

Hərdən adama elə gəlir ki, İlqar Muradov səsi ilə oxumur.

O, səsi ilə düşünə bilir.

Onun oxuduğu mahnıları heç vaxt zümzümə etmirsən, həmişə xatırlayırsan.

Unudulmaz sənətkar başqa nə cür olur ki?!

Obrazlı desək, İlqar Muradovun səsində yalan yoxdur.

İlqar Muradov Azərbaycan musiqisində yüksək səslə danışmayan, amma dərin səslə eşidilən bir səsdir.

O, sükutu musiqiyə çevirən sənətkardır.

Onu dinləmək təkcə mahnı dinləmək deyil, öz içinin səsinə qulaq asmaqdır.

Ümumiyyətlə, İlqar Muradov sənəti, səsi “mən bacarıram” yox, həmişə “Mən burdayam!” deyir.

İlqar Muradov dinləmək “zövqlər müxtəlifdir” söhbətinə də uyğunlaşmır. Çünki İlqar Muradov zövqün özü, zövqü yaradan adamdır.

Onun təkcə oxumağı yox, oxuduğu zaman verdiyi pauza onlarla ifaçının bütün musiqilərindən ağırdır.

İlqar Muradov səsi, sənəti və sənətkarlığı əl çalmaq üçün yox, alqış üçündür.

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
26
icma.az

1Источники