RU

Gənclər niyə məhkəmədən qorxur? Vəkil gizli səbəbləri açıqladı

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Azərbaycanda gənclərin çoxu hüquqları pozulduqda məhkəməyə yox, susmağa üstünlük verirlər. Gənclərin məhkəməyə müraciət etməməsi bir çox sosial, hüquqi və psixoloji səbəblərdən irəli gəlir. Bu səbəblər, əslində, gənclərin hüquqlarını qorumaq və ədalətli bir nəticə əldə etmək kimi vacib bir hüquqi vasitəni istifadə etmələrinə və ədalət axtarışına olan inamlarına mane olur. Lakin bu problemlər, doğru yönləndirmə və dəstək ilə asanlıqla həll edilə bilər".Demokrat.az xəbər verir ki, bunu Vəkillər kollegiyasının üzvü, ADHOC consaltinq rəhbəri Əminə İsmayılzadə deyib. O bildirib ki, hüquqi məlumatsızlıq gənclərin məhkəməyə müraciət etməməsinin əsas səbəblərindən biridir."Çox sayda gənc, hüquqşünas deyilsə, öz hüquqlarını tam olaraq anlamır, hüquqlarının pozulmasından xəbərsizdir və ya necə müdafiə edəcəyini bilmir. Hüquqi terminologiya, məhkəməyə ərizə təqdim edərkən müəyyən edilmiş formalar və tələblər, bir çox gəncin bu prosesin icrasında qarşısını alır. Bu prosedurlara əməl edilmədikdə isə, ərizələr geri qaytarıla bilər, müddətlər ötürülə bilər və ya müdafiə taktikası düzgün qurulmadığından uğursuzluqla nəticələnə bilər. Bunlar, prosesin daha da mürəkkəbləşməsinə səbəb olur".Vəkilin sözlərinə görə cəmiyyətdə, xüsusilə gənclər arasında, məhkəmənin ədalətli qərarlar verəcəyinə dair ciddi inamsızlıq mövcuddur:"Bu, uzun illər ərzində formalaşmış sosial stereotiplərdən qaynaqlanır. Bir çox gənc məhkəməyə müraciət etməyi düşünərkən, nəticənin müsbət olmayacağına, hansısa qanunsuz müdaxilə ehtimallarına inanır və buna görə də ümidsiz olur. Gənclərin hüquq sisteminə olan bu mənfi baxışları adətən onların böyüdüyü cəmiyyətin, ailənin baxışından, eləcə də, valideynlərinin əvvəlcədən görmüş olduğu hüquq sistemindən gəlir. Gənclər öz pozulmuş hüquqlarını bərpa etmək niyyətində olduqda əvvəlcə belə mənfi təcrübə keçmiş, müəyyən digər səbəblərdən məhkəmə hüquq sisteminə olan inamını itirmiş daha “təcrübəli” şəxslərdən müvafiq “dayan” siqnalı alırlar və bütün motivasiyaları itir. Lakin nəzərə alınmır ki, artıq bütün hüquq sisteminin tərkib hissələrində istər hüquq müdafiəçiləri olan Vəkillər arasında, istərsə də ədalət mühakiməsini həyata keçirən hakimlər arasında kifayət qədər gəncləşmə mövcuddur. Aparılan anti korrupsiya siyasətinin, şəffaflaşma proseslərinin qarşısında həyata keçirilən belə gəncləşmə öz müsbət effektini əksər hallarda açıq göstərir.Gənclərin məhkəməyə müraciət etməməsinin digər bir səbəbi isə məhkəmə proseslərinin uzun və qeyri-müəyyən olmasına dair yaranan psixoloji baryerlərdir. Qəbul etmək lazimdir ki, məhkəmə müdafiəsi xidməti vəkil tərəfindən vətəndaşa satılan xidmət növüdür. Necə ki tibbi xidmətlərdə pasiyentin həkimə olan inamı bütün müalicəyə təsir edirsə, eləcə də hüquq xidmətlərinin görülməsində müvəkkilin  öz vəkilinə etimadı işin bütün taleyinə təsir edir. Mövcud vəziyyətdə hüquq xidmətlərinin dəyəri arasında çox ciddi fərqlərin olması, sıravi vətəndaşlar arasında vəkillərin fəaliyyətini qiymətləndirmə üçün hər hansı meyarların mövcud olmaması onları çaşqınlıq içində buraxır və elə ilk mərhələdəncə - vəkil seçim mərhələsində ciddi suallar qarşısında qalmaqla bütün prosesə şübhə ilə yanaşırlar. Belə ki, bəzi vətəndaşlar məhkəmədə müdafiə olunmaq üçün təcrübəli kimi 50+ yaş üzəri vəkillər üzrə seçim edir, bəzi vətəndaşlar yalnız sosial mediya və digər vasitələrdə məşhurlaşmış vəkillər üzrə seçim edir, bəziləri isə yalnız tövsiyə əsasında qiymətləndirmə edir, ən pis halda isə bir neçə şəxsdən qiymət təklifi almaqla hüquqi xidməti ən ucuz təklif edən şəxsə etimad edirlər.Bütün Gənclər məhkəməni bir çox hallarda uzun və mürəkkəb proses olaraq görürlər. Bunun da müəyyən haqlı səbəbləri vardır, nümunə üçün Bakı şəhəri ərazisində aidiyyət üzrə inzibati mübahisə olduqda iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət ünvanlandıqda vətəndaş ən yaxşı halda növbəti 4 ay sonra ilkin hazırlıq iclasının baş tutmasına nail ola bilir. Ərazi üzrə inzibati məhkəmə funskiyalarını icra edən cəmi 1 məhkəmənin mövcudluğu inzibati işlər üzrə icraatın daha da uzadılmasına gətirib çıxarır və nəticədə vətəndaş ən yaxşı halda orta hesabla 1 (bir) ilə ilkin instansiyada nəticə əldə edə bilir. Digər hallarda isə vəkillər tərəfindən belə məhkəmə mübahisələrinin dəqiq müddətinin bilinməməsi əvvəlcədən ehtimal edilmənin qəlizliyi qeyri-müəyyən olan prosesi bir az da qəlizləşdirir".Vəkil həll yolu kimi hüquqi marifləndirmənin aparılmasını görür:"Əksər gənclər hüquqlarının pozulduqlarını bilsələr belə, mübarizə “vaxt aparır”, “bahalıdır”, “nəticə olmayacaq” düşüncəsi onları çəkindirir. Məhkəmə gənclərin gözlərində haqqın bərpa olunduğu yer yox, yorusu və riskli proses kimi görünür. Daha bir əsaslı məsələ “damğalanma” qorxusudur. Qəribə bir yanaşma var ki, xüsusilə gənclər adlarının məhkəmədə hallanmasını, şəxsi kabinetlərində məhkəmə tarixçələrinin olmasını sanki üzərlərində “məhkumluq” varmış kimi qiymətləndirirlər. Və bütün bu səbəblərdən mümkün qədər uzaq durmağa çalışırlar. Bütün bunları nəzərə alaraq, hüquqi marifləndirmənin aparılması vətəndaşları ilkin mərhələdə pozulmuş hüquqlarının mövcudluğundan xəbərdar etməyə köməkçi vasitədir. Məhkəmə hüquq sistemində aparılan çoxsaylı islahatlar, məhkəmə hüquq şurasının nəzarət funksiyası isə bu sistemdə cəmiyyətdə formalaşmış neqativ streotiplərin aradan qalxmasına dəstək göstərir. Habelə, Universitetlərdə yeni ixtisaslaşmalar üzrə hüquq təhsilinin formalaşması (tibb hüququ, informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin hüquqi aspektləri və s.) müxtəlif dar sahələr üzrə mütəxəssislərin yetişməsinə töhfə verir. Habelə Vəkillərin sayının, xüsusən də xanım vəkillərin (xüsusi əhəmiyyətli həssas nüanslar nəzərə alınarsa) sayının gün-gündən artması, bu sahədə peşəkar hüquqi dəstək vəd edən mütəxəssislərin gəncləşməsi vətəndaşların daha rahat şəkildə vəkilə müraciətinə və mübarizəyə inamına müsbət təsir edir. Və bütün bunlar sayəsində ümumilikdə gənclərin məhkəmə müdafiəsinə olan inamında və real təcrübədə həyata keçirilməsində statistik ciddi dəyişikliklərlə nəticələnir", - deyə o fikrini yekunlaşdırıb.Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
27
demokrat.az

1Источники