RU

Vensin Bakıya səfərində fevral detalı 34 il öncəki mesajın gerçəkləri bilindi

ain.az, GlobalInfo saytına istinadən bildirir.

ABŞ-ın vitse-prezidenti Ceyms Di Vensin Azərbaycana səfəri indiyədək Bakıya Vaşinqtondan hansı yüksək səviyyəli rəsmilərin gəlməsi məsələsini gündəmə gətirib. Bu baxımdan 1992-ci il fevralın 13-də ABŞ dövlət katibi Ceyms Beykerin Bakıya səfəri xüsusi yer tutur. Beyker o vaxtkı prezident Ayaz Mütəllibovla görüşüb, danışıqlar aparmışdı.

Maraqlıdır ki, ABŞ-ın vitse-prezidenti Ceyms Di Vensin Bakıya səfəri Beykerin səfəri ilə eyni aya və təxminən eyni günlərə təsadüf edir. Bu isə ümumi tarixi paralellər aparmağa əsas verir.

Sonrakı dövrdə ABŞ dövlət katibi səviyyəsində ən diqqətçəkən səfər 2012-ci ilin iyununda Hillari Klintonun Bakıya gəlişi olub.

Bəs ondan sonra ABŞ-dan kimlər Azərbaycana səfər edib? Bu səfərlər Vaşinqton–Bakı münasibətlərinin ümumi trayektoriyası haqqında nə deyir?

Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, ABŞ–Azərbaycan münasibətlərində “ən yüksək səviyyəli rəsmi səfərlər” deyəndə real siyasi çəkisi olan fiqurları ayırmaq lazımdır:

“Yəni səfərə gələn şəxsin titulundan çox, qərarvermə gücü önəmlidir. Məsələyə bu prizmadan yanaşsaq, 1992-ci il fevralın 13-də ABŞ dövlət katibi Ceyms Beykerin Bakıya səfəri indiyədək ən yüksək səviyyəli və ən simvolik səfər sayılır. Çünki bu səfər SSRİ-nin dağılmasından dərhal sonrakı dövrdə gerçəkləşmişdi və bu da əslində ABŞ-ın Cənubi Qafqaza “birbaşa giriş” cəhdi idi. Həmçinin bu səfər Qarabağ münaqişəsinin ən qaynar mərhələsinə təsadüf edirdi. Bu baxımdan Beykerin səfəri hələ də “tavan nöqtə”dir.

2012-ci ilin iyununda Hillari Klintonun Bakıya səfəri də çox mühüm idi. Bu səfər çərçivəsində enerji təhlükəsizliyi (Cənub Qaz Dəhlizi), “Ərəb baharı” fonunda regional sabitlik (İran faktoru) məsələləri diqqət mərkəzində idi. Amma bu səfər artıq daha praqmatik, emosiyasız və “idarə olunan tərəfdaşlıq” çərçivəsində idi”.

Anar İsayev

Ekspert deyib ki, 2012-ci ildən sonra mənzərə dəyişib:

“Həmin vaxtdan sonra gələnlər isə əsasən dövlət katibinin müavinləri səviyyəsində — Viktoriya Nuland (bir neçə dəfə), Karen Donfrid, prezidentin xüsusi nümayəndələri, Minsk Qrupu çərçivəsində (Ceyms Uorlik və başqaları), müdafiə və enerji üzrə yüksək, amma kabinetdən aşağı şəxslər, konqres üzvləri və sair olur.

2012-ci ildən sonra ABŞ-dan nə dövlət katibi, nə vitse-prezident, nə də prezident Bakıya rəsmi səfər edib. Bu da Bakının davranışından çox, Vaşinqtonun qlobal prioritet dəyişimi ilə bağlı məsələ idi. Belə ki, onda Azərbaycan Vaşinqton üçün “enerji baxımından vazkeçilməz” statusunu itirdi, çünki ABŞ özü enerji ixracatçısına çevrildi, Avropada LNG alternativləri artdı. Həmçinin Qarabağ məsələsində də ABŞ kənara çəkildi. ABŞ gördü ki, bu məsələnin həllində birbaşa təsiri məhduddur və həlledici güc əsasən Rusiya və regional balansdır. Ona görə də Minsk Qrupu formal da olsa saxlanıldı, amma real diplomatiya donduruldu.

Bu, qarşılıqlı soyuma idimi? Xeyr. Azərbaycan qapını bağlamadı, enerji və təhlükəsizlik əməkdaşlığını saxladı, ABŞ bazarına çıxış istədi. Amma ABŞ siyasi səviyyəni aşağı saldı və ancaq texniki əməkdaşlıqla kifayətləndi”.

A.İsayevin sözlərinə görə, uzun durğunluqdan sonra, 2025-ci ilin avqustundan ABŞ–Azərbaycan münasibətləri yenidən aktiv fazaya keçdi:

“Vensin Bakı səfəri də bu münasibətlərin məntiqi davamıdır. Azərbaycana rəsmi səfərə gələn vitse-prezidentlər arasında tarixi paralellik aparsaq, heç də təsadüfi olmayan simvolika görərik: fevral ayı, sistem keçidi dövrü, regional xəritənin yenidən çəkilməsi. Beykerin səfərində sistem qurulurdu, Vensin səfərində isə sistem yenidən dizayn olunur. Bu o deməkdir ki, ABŞ Cənubi Qafqazı “yenidən gündəmə” alır”.

Safura Bənnayeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
1
globalinfo.az

2Источники