
"Kontakt Home" kreditlə satdığı "Honor" markalı telefonun quraşdırılması üçün müştəridən 100 manat alır.
AFN.az xəbər verir ki, bunu Əli Şamilov adlı vətəndaş öz feyzbuk profilində yazıb. O bildirib ki, anası 2 gün əvvəl "Kontakt Home"dan kreditlə "Honor" markalı telefon alıb. Satıcı aylıq ödənişin 25 AZN olduğunu desə də, sonradan sənədləşmədə bunun üzərinə 2 manat da əlavə edilib:
"Ödəniş aylıq 27 manat olub. Məsələ burasındadır ki, aylığa əlavə edilən həmin 2 manatları toplayanda ümumilikdə 100 AZN edir. Anam yaşlı adamdır, fikir verməyib, onlar da fürsət bilib bunu ediblər. Adını da qoyublar ki, bu 2 manat telefonu quraşdırıb verdiyimiz üçün əlavə edilib ödənişin üstünə. Bunlar camaatı dolayıblar? Sən dükansan telefon satırsan bəs bunu qoşub, yoxlayıb verməlisən də. Buna görə 100 AZN ödəniş almaq harda görülüb?! İnsanlar gecə-gündüz işləyir, günə 20 manat alır. Amma bunlar bir telefonu qoşub təhvil verməyə 100 AZN pul tuturlar. Bu nə özbaşınalıqdır? Bunlara nəzarət edən bir qurum yoxdur ki, istədiklərini edirlər? Məgər kondisioner, paltaryuyan satıblar ki, quraşdırılmasına görə 100 azn alırlar?!"
"Kontakt Home"dan isə bildirilib ki, müştəri qeyd edilən problemlə bağlı ətraflı məlumat verdikdən sonra araşdırılıb, aydınlıq gətiriləcək.