RU

Volodimir Zelenski Vladimir Putin görüşü: Ukrayna müharibəsində sülhə aparan yol, yoxsa diplomatik dalan?

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Rusiya–Ukrayna müharibəsi artıq dördüncü ildir ki, beynəlxalq təhlükəsizlik sistemini sarsıtmaqda davam edir. On minlərlə insanın həyatına son qoyan, milyonlarla vətəndaşı didərgin salan bu münaqişə qlobal siyasi və iqtisadi balanslara ciddi təsir göstərib. Məhz bu kontekstdə Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın “Reuters” agentliyinə verdiyi açıqlama dünya ictimaiyyətində böyük maraq doğurub. Nazir bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya lideri Vladimir Putin sülh müqaviləsinin ən mürəkkəb məsələlərini razılaşdırmaq üçün şəxsən görüşməlidirlər.

Nazirin sözlərinə görə, tərəflər arasında müzakirə olunan 20 bəndlik sülh planının əsas hissəsi üzrə razılıq əldə edilib və yalnız bir neçə, lakin son dərəcə həssas və mürəkkəb maddə açıq qalır. Bu maddələr isə yalnız ali siyasi rəhbərlik səviyyəsində həll edilə bilər. Bu bəyanat sülh danışıqlarında müəyyən irəliləyişin olduğunu göstərsə də, eyni zamanda görüşün reallaşmasının nə dərəcədə mümkün olduğu sualını gündəmə gətirir.

Politoloq Nicat İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əsas problem tərəflər arasında dərin siyasi və psixoloji uçurumun mövcudluğudur: “Rusiya Prezidenti Vladimir Putin dəfələrlə Volodimir Zelenskinin legitimliyini şübhə altına alaraq onu “qanuni prezident” kimi tanımadığını bəyan edib. Moskvanın mövqeyinə görə, Ukraynada keçirilmiş son seçkilər müharibə şəraiti fonunda yetərli legitimlik daşımır. Bu da birbaşa liderlər səviyyəsində görüşün hüquqi və siyasi əsaslarını zəiflədir. Digər tərəfdən, Zelenski Putini beynəlxalq hüququ pozmaqda, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tapdalamaqda ittiham edir və onu hərbi cinayətkar kimi təqdim edir. Bu qarşılıqlı ittihamlar dialoq mühitini xeyli mürəkkəbləşdirir.

Məsələnin digər maraqlı tərəfi görüşün keçiriləcəyi məkanla bağlı ziddiyyətli yanaşmalardır. Zelenski Putini Kiyevə dəvət etməklə Ukraynanın siyasi iradəsini və suverenliyini nümayiş etdirməyə çalışır. Putin isə danışıqların Moskvada aparılmasını təklif etməklə Rusiyanın güc mövqeyini qorumağa çalışır. Bu isə tərəflər arasında təkcə siyasi yox, həm də simvolik mübarizənin getdiyini göstərir. Hər iki paytaxt görüş üçün prinsipial mövqe sərgilədiyindən neytral məkan variantı daha real görünür. Türkiyə, İsveçrə və ya Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr potensial vasitəçi və ev sahibi rolunda ön plana çıxa bilər”.

Nicat İsmayılov

Politoloq qeyd edib ki, geosiyasi kontekst də görüşün taleyinə ciddi təsir göstərir. ABŞ və Avropa İttifaqı Ukraynaya dəstəyi davam etdirsə də, Qərbdə müharibənin uzanmasından yorğunluq getdikcə artır. İqtisadi itkilər, enerji böhranı və ictimai rəy sülh təşəbbüslərini aktuallaşdırır. Digər tərəfdən, Rusiya da uzunmüddətli hərbi əməliyyatların yaratdığı iqtisadi və sosial təzyiqlərlə üzləşir. Bu baxımdan, tərəflərin kompromis axtarışına çıxması rasional seçim kimi görünür.

Nicat İsmayılovun fikrincə, bununla belə, sülh müqaviləsinin ən mürəkkəb məsələləri ərazi statusu, təhlükəsizlik zəmanətləri, sanksiyaların ləğvi və Ukraynanın NATO perspektivi, hələ də açıq qalır. Bu mövzular tərəflər üçün “qırmızı xətlər” təşkil edir: “Xüsusilə Krım və işğal olunmuş ərazilərin taleyi, eləcə də Ukraynanın təhlükəsizlik arxitekturası barədə razılaşma əldə etmək son dərəcə çətindir. Məhz bu səbəbdən Andrey Sibiqa bu məsələlərin yalnız liderlər səviyyəsində həll edilə biləcəyini vurğulayır”.

“Zelenski–Putin görüşünün baş tutması ehtimalı hazırkı mərhələdə kifayət qədər zəif görünür. Lakin müharibənin davam etməsinin tərəflərə daha ağır nəticələr vəd etməsi bu ehtimalı tamamilə istisna etmir. Beynəlxalq vasitəçilərin fəallaşması, neytral platformanın müəyyənləşdirilməsi və tərəflərin siyasi iradə nümayiş etdirməsi görüşü mümkün edə bilər. Bu da baş verərsə, sözügedən görüş XXI əsrin ən mühüm diplomatik hadisələrindən biri kimi tarixə düşə və Avropada təhlükəsizlik sisteminin yenidən formalaşmasına təkan verə bilər”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
32
icma.az

1Источники