AzVision.az xəbər verir ki, Münhen Təhlükəsizlik Konfransının yeni hesabatında Avropanın Amerikanın“təhlükəsizlik çətiri”altında onilliklər ərzində çiçəklənə biləcəyi dövrün tamamilə başa çatdığı vurğulanır.
“ABŞ Prezidenti Donald Trampın ikinci administrasiyası açıq şəkildə bildirdi ki, Avropanın təhlükəsizliyinə görə məsuliyyət NATO-nun avropalı üzvlərinin öz üzərinə düşməlidir. Xüsusilə ABŞ-nin müdafiə naziri Pit Heqset 2025-ci il fevralın 12-də Təmas Qrupunun iclası zamanı bəyan edib ki, Avropanın təhlükəsizliyinin təmin edilməsi avropalılar üçün prioritet məsələyə çevrilməlidir”,– sənəddə xatırladılır.
Vaşinqtonun yeni doktrinasına görə, Avropa ölkələri Ukraynaya həm öldürücü, həm də qeyri-öldürücü yardımın “əsas payını” öz üzərinə götürməlidir. Bu kontekstdə 2025-ci ilin yanvar ayından etibarən ABŞ-nin hərbi dəstəyi kəskin şəkildə azalıb və təhlükəsizlik məsələsi, Aİ-nin ticarət güzəştləri də daxil olmaqla, Vaşinqton tərəfindən getdikcə daha çox iqtisadi təzyiq aləti kimi istifadə olunur.
Analitiklərin hesablamalarına görə, bu fonda öz iqtisadiyyatını tamamilə müharibə vəziyyətinə keçirmiş Rusiya federal büdcənin təxminən 40%-ni müdafiəyə xərcləyir və Ukraynaya qarşı müharibədə maksimalist məqsədlərindən əl çəkməyib.
- Bu baxımdan, bir neçə potensial ssenari mövcuddur: Ukraynada mümkün atəşkəsdən sonra iki il ərzində Baltikyanı regionda regional müharibə başlaya bilər; altı ay ərzində Rusiyanın qonşularından birinə qarşı lokal münaqişə ehtimalı var. Moskva artıq Avropada hibrid kampaniyasını da gücləndirib”,– sənəddə kəşfiyyat məlumatlarına istinadən bildirilir.
2025-ci ilin noyabrında ABŞ-nin dəstəyi ilə gündəmə gələn 28 bəndlik “sülh planı” Avropa paytaxtlarında xüsusi narahatlıq yaradıb. Hesabat müəlliflərinin fikrincə, bu plan əsasən Avropa maraqlarına məhəl qoymur, Kiyev tərəfindən ərazi güzəştlərini nəzərdə tutur, Ukrayna Silahlı Qüvvələrinin sayını məhdudlaşdırır və Kiyevin NATO-ya üzvlük iddialarının üzərindən xətt çəkir.
Avropa ölkələri bütövlükdə müdafiə büdcələrini 41% artırsalar da, sənədin müəllifləri bu addımları qeyri-kafi hesab edirlər. Çünki Avropa İttifaqına (Aİ) üzv dövlətlər birlik daxilində vahid müdafiə sistemi formalaşdırmaq əvəzinə “sənaye millətçiliyi” yolunu tutaraq, Vaşinqtonun sədaqətini qorumaq üçün Amerika silah sistemlərini – xüsusilə F-35 və “Patriot”ları – almağa davam edirlər.
Analitiklər xəbərdarlıq edirlər ki, gələcək tərəddüd və strateji qərarların olmaması Avropanı müxtəlif təsir dairələri arasında“boz zona” da qoyaraq, onun öz gələcəyini müəyyənləşdirmək qabiliyyətini tədricən sarsıda bilər.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта