RU

ABŞ göstərmək istəyir ki, danışıqlarda İran tərəfindən istədiyini ala bilməsə, hücum məsələsi masadadır

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ prezidenti Donald Tramp ənənəvi diplomatik kanallardan kənara çıxaraq strateji addımlar atıb. O, Amerika Quru Qoşunlarının naziri Deniel Driskollu Ukrayna üzrə danışıqlara cəlb edib. Eyni zamanda, Amerika Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper Omanda İranla aparılan danışıqlara qatılıb. Bu qərarlar Trampın hərbi rəhbərləri birbaşa diplomatik proseslərə daxil etmə siyasətinin nümunəsidir.

Xatırladaq ki, bir müddət əvvəl Donald Tramp ölkənin Müdafiə Nazirliyinin adını dəyişərək, Müharibə Nazirliyi etmişdi. Hərbçilərin danışıqlara cəlb edilməsi isə, artıq birbaşa "hərb dili" danışmaq deməkdir…

Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, burada psixoloji təzyiq çox önəmlidir: “Tramp əslində hərbçiləri danışıqlara göndərməklə İranla hələki dialoq qapısının açıq olduğunu, ancaq eyni zamanda hərbi təzyiqin istisna edilmədiyini bildirmək istəyir. Təbii ki, hərbçilər danışıqlar aparmaqla bərabər, eyni zamanda təhdid ritorikasından da danışacaqlar və ABŞ-nin hərbi gücünü, eyni zamanda İranın zəif tərəflərini Tehrandan gələn nümayəndə heyətinə çatdıracaqlar. Görünür ki, Donald Tramp bununla İranda sübut etmək istəyir ki, bu artıq son şansdır. Əgər bu şansı dəyərləndirə bilməsələr, növbəti mərhələdə İrana qarşı hərbi addımlar atılacaq və İranın obyektləri vurulacaq. Yəni bu, onun İrana verdiyi sonuncu şansdır. Ehtimal ki, Omanda keçirilən danışıqlarda Amerika Birləşmiş Ştatları İrandan maksimum dərəcədə tələblər edəcək. Tehran bu tələbləri həyata keçirməsə, o zaman lazımi şəkildə adekvat tədbirlər görüləcək”.

Zeynal Əmrəliyev

Zeynal Əmrəliyev hesab edir ki, ABŞ artıq İrana qarşı hücum üçün bütün planı hazırlayıb: “Həmin o planın bir hissəsi Omanda keçirilən danışıqlarda İran tərəfinin diqqətinə çatdırılacaq ki, ABŞ-nin nə qədər ciddi və nə qədər hazırlıqlı olduğunu qarşı tərəf görsün. Əgər bu baş verməsə, yəni İran tərəfi yenidən buna sərt reaksiyalar göstərərsə, ABŞ-nin bu davranışı edəcək. Çünki ABŞ ilə dialoq tərəfdarlarına qarşı hazırda İranda hücum var. Dünən “SEPAH”-ın kəşfiyyat xidməti tərəfindən xeyli sayda islahatçı siyasətçilər həbs edilib. Prezident Pezeşkianın da tərəfdarları içərisində həbs olunanlar var. Düzdür, çox da yüksək rütbəli şəxslər deyil, ancaq hər halda bu cinahın funksionerləridir. Bütün bunlar da onu göstərir ki, İranda ABŞ ilə dialoqa qarşı çıxan qüvvələr var və onlar ali rəhbər Əli Xamneiyə güvənirlər. Amerika da göstərmək istəyir ki, İran tərəfi danışıqlarda maksimum dərəcədə diqqət göstərməzsə, hücum məsələsi də masadadır”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
28
bizimyol.info

1Источники