RU

HAMININ TANIDIĞI NAZİR Kəmalə Abiyeva Aydın Qızı yazır

Adelet.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

və ya gələcəyə atılan güllə

Müəllim illlərdi müzakirə, tənqid və təhqir obyektinə çevrilib. Və illərdir bunun yaxşı nəticələr verməyəcəyini çıxışlarımda, yazılarımda vurğulayıram. İllərdir müəllim bir şagirdin, bir valideynin sözü, şikayəti ilə cəzalanır, işdən çıxarılır. Açıqca həmin müəllimin, məktəbin, başqa şagirdlərin hüququ pozulur. İlk dəfə belə xəbərləri eşidəndə diksindim. Qorxdum. Nəhayət, şagird məktəbə silahla gəldi, müəllimə  güllə atdı.  Müəllim ölmədi. Yaralandı. Gələn dəfə öləcək. Çünki yara üstünə yara aldı. İndi şagird araşdırırlır. Amma bunu elə ilk dəfədən etmək lazım idi. O şikayət edən, hay-həşir salan ailələr, onların övladı araşdırmalı idi. Elə müəllim də. Müəllim həmişə haqlı olmadığı kimi, valideyn də həmişə haqlı ola bilməz. Və ailələr, eləcə də şagirdlər vəzifələri olduğunu anlamalıdır. Məktəb bu işdə günahkardır. Hamının məktəbin vəzifələrindən danışdığı bir vaxtda susur, “sənin də vəzifələrin var” demirdi. Nəyin təsirindən, yəni səbəbindən asılı olmayaraq uşağın məktəbə silahla gəlməsi qorxuncdur.  Bu təkcə müəllimə atılan güllə deyil. Bu müəllim peşəsinə, məktəbə, təhsil sisteminə, cəmiyyətə-gələcəyə atılan güllədi. Ara-sıra bir çox problemlərdən söz açırdım, çətin olacağını, yəni xaos olacağını hiss edirdim, amma bu qədərini gözləmirdim.

Müəllimin nüfuzunun qorunduğu, müqəddəs olduğunu aşılayan bir ideoloji cəmiyyətimiz vardı. Birdən- birə müəllim tam hüquqsuz biri kimi təqdim olunduğu cəmiyyətə düşdü. Bircə şagirdin, valideynin sözü ilə cəzalandı, işdən qovuldu. Hələ də heyrətdəyəm ki, bir valideynin şikayəti ilə müəllimi necə cəzalandırmaq olar.  “Müəllimin nə ixtiyarı var uşağıma söz desin, əl qaldırsın? Gedib başına bir oyun açaram ki” kimi ifadələr yarışa çıxdı. Müəllimi müzakirəyə çıxarmaq olmazdı.

Mənim dibçəkdə gül böyütmək bacarığım yoxdur. Xatirə adlı bir qohumun var, evdə elə gözəl güllər bəsləyir ki. Kimsə dibçəkgülü yetişdirmək istəsə, məndən yox, ondan məsləhət alar. Yəni burda da təcrübə, praktik bilik əsasdı. Biz nə etdik? MM-də, müxtəlif vəzifələrdə yaşı 75-dən çox olanlar arxayınca oturduğu halda 65 yaşı olar-olmaz müəllimi işdən çıxardıq. Bunu bilən müəllim elə hesab edin ki, son illərini elə-belə başa vurur.  Demirəm ki, 65 yaşa çatanların hamısı yaxşıdı.Yox! Qətiyyən belə deyil. Amma aralarında bütün məktəbi ayaqda saxlaya bilənlər var. Onlar qalmalıdır. Bu direktorun vicdan məsələsidir. Belə müəllimlərin qalmasında israrlı olmalıdırlar. Amma TN direktorlara inanmır. Bilir ki, direktora səlahiyyət versə, rüşvət alacaq kimisə saxlamaq üçün. Yaşlı nəsil getdikcə məktəblərdə vəziyyət yaxşılaşmadı ki... Cavan ol, istəyirsən sinifdə oynaya-oynaya, oxuya-oxuya, nə bilim başqa necəsə dərs keç, bu əsas deyil. Sözünün, hətta baxışının kəsəri olmalıdır müəllimin.  O isə yoxdur. Aşağı sinifləri yola vemək olur, 9-11-ci siniflərdə iş müşgülə dönür. Şagirdin “Mən”i formalaşan çətin dövrdür. Hər müəllim, hər valideyn o Məni görə bilmir. Nəticə göz önündədir.

 Məsələ bəlkə bütün dəhşəti ilə aydın deyil. Amma bir məktəbdə bir şagirdin əlində silah, məktəbə getməsi həlli mümkünsüz olan bir məsələdir. Nə qədər qınasaq da, kimi qınasaq da bu hadisə 12-13 yaşdan yuxarı bütün yeniyetmələrin yaddaşına iz saldı. Bu izi silmək çətin olacaq.  Məsələ burdadı ki, dələduzluqda ittiham olunan, dərsliklərdə düşmən mövqeyinə görə, çox ciddi etik olmayan davranışlarına görə təhsil sistemindən kənarlaşdırılanlar, müəllim işləməyənlər,  kənardan seyrçi olanlar, valideynlər, məktəbi yalnız şagird kimi tanıyanlar, təhsil prosesindən ciddi xəbərləri olmayanlar, bir sözlə hamı münasibət bildirir. Sual olunur: təhsili, məktəbin, müəllimin işini hamı belə bilirsə, niyə bu qədər nöqsan var? Deyəcəksiz TN günahkardı. Amma yox, təhsilə, məktəbə münasibət hər kəsin özündən başlayır. Bir, iki, üç uşağının tərbiyəsinə, dərsinə nəzarət edə bilməyənlər  daim gileylənir, şikayət edir, günahkar axtarır. Və təhqiredici münasibət sərgiləyir sosial şəbəkədə.

 Normal, yəni  intizamlı, dərs oxuyan, məsuliyyətli  şagirdin valideynləri məktəbi, müəllimi qınamır, dava-dalaş salmır. Hətta nizam-intizamlı, məsuliyyətli, çalışqan, amma zəif oxuyan şagirdlərin valideynləri  də anlayışlıdır, uşaqlarının zəif oxuduğunu bilirlər, müəllimi qınamırlar. Belə şagirdlərin, ailələrin çox nadir hallarda müəllimlə problemi olur.  Hətta müəllimlər belə  şagirdlərə daim güzəştə gedirlər. İlk növbədə hər bir ailə, hər bir vətəndaş özünün məktəb, müəllim, təhsil sistemi qarşısında vəzifəsini başa düşməlidir. Axı, hər kəsin ağlı, düşüncəsi, tərbiyəsi  və s. qarşı tərəfdən asılı deyil.. bu  öz içdünyandı, öz ağlındı.

Ən gözardı etdiyimiz məsələlərdən biri valideynlərin münasibətidir. Hər valideyn məktəbə-müəllimə öz ağlından, uşağının psixolojisindən, ona olan münasibətdən baxır: Mənim uşağım zəif oxuyursa müəllim günahkardır. Dərsə getmirsə müəllim günahkardır. Müəllim şagirdə irad bildirdisə, günahkardır və s... Niyə? Hər məktəbdə yüzlərlə şagird oxuyur. Bir müəllim bir-neçə şagirdin xoşuna gəlməyə bilər. Təbiidir. Bu müəllimin dəyər ölçüsü olmamalıdır. “Mənim uşağım bəyənmirsə, pis müəllimdir” deyə bir dəyər vahidi yoxdur. Övladına dərs deyən müəllimlər haqda məlumatın olmalıdır. Məlumatın olmalıdır ki, övladınla müəllimləri arasındakı münasibətə düzgün, obyektiv yanaşa biləsən. Müəllimin iradına diqqət yetirəsən, xahiş edəsən ki, uşağımın nöqsanlarını ört-basdır eləmə...

TN-nin də səhvi onda oldu ki, hər vidosu yayılan, bir valideynin narazı olduğu müəllimi cəzalandırdı. Təhsil nazirinin son günlərdəki çıxışına baxdım. Jurnalistlərə irad bildirir. Düzgün də edir. Amma mən illərdi bunu deyirəm, yazılarımda vurğulayıram. Yəqin səsimi eşitdilər. İndi mən deyəni deyir. Düşünürəm ki, nazir hətta bir az sərt olmalıdır. Məktəblərdə olan hadisələri icazəsiz paylaşmaq olmaz-deməlidir. Şişirdilmiş, doğru olmayan, tanışlıqla hansı məktəbi gözdən salmaq istəyən valideynlərin verdiyi xəbərləri yayımlayan jurnalistlərdən, saytlardan, heç olmasa MŞ-na şikayət verməlidir.

P.S. Mən TN Emin Əmrullayevin müəllimi deyiləm, təqaüddəyəm.  Onun haqqında deyilən mənfi fikirlərin çoxuna qatılmıram. Çünki kiminsə haqqında xoşagəlməz fikir söyləməyi ilk növbədə öz ağlıma, düşüncəmə yaraşdırmıram. Siz də bir düşünün. Amma bəyənsək də, bəyənməsək də hadisələrə münasibət bildirir. Nələrsə etməyə çalışır. Gördüyüm o ki, cəmiyyətə daha açıqdır, daha şəffafdır. Hamımızın görən kimi tanıdığı yeganə nazirdir. Biz heç nazirlərin çoxunu tanımırıq.

Xüsusi qeyd: TN-nə tanışlıqla, xahişlə kimisə işə götürmək olmaz. (Əslində heç yerə olmaz!). Ən azı 12-15 il müəllim təcrübəsi olanlar işləməlidir TN-də. Bu ciddi məsələdir.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
31
adalet.az

1Источники