RU

Regionda nüvə yarışı: Türkiyə məcbur qalacaq…

Türkiyə xarici işlər naziri Hakan Fidanın “CNN Türk”ə verdiyi açıqlamaları regionda nüvə təhlükəsizliyi ilə bağlı illərdir səssiz qalan, lakin dərinlikdə mövcud olan bir mövzunu yenidən gündəmə gətirdi.

H. Fidan müsahibəsində bildirib ki, Bölgədəki yeni dövlətlər nüvə silahı əldə edərsə, Ankara nüvə silahlanması yarışına qoşulmaq məcburiyyətində qalacaq.

Fidan vurğulayıb ki, Türkiyə regional güc balansının pozulmasında maraqlı deyil. Onun sözlərinə görə, nüvə silahlarının yayılması zəncirvari reaksiyaya səbəb ola bilər. “Biz regionda mövcud güc balansını poza biləcək dramatik dəyişikliklər istəmirik. Məsələn, İranla problemli olan ölkələr nüvə silahı əldə etməyə çalışarsa, biz də yəqin ki, bu yarışa qoşulmalı olacağıq. Bu isə region üçün faydalı deyil,” – deyə o bildirib.

Fidan Türkiyənin nüvə silahına sahib olmaq istəyib-istəmədiyi sualına cavab verməyib.

Fidanın birbaşa “Türkiyə nüvə silahı əldə edəcək” deməməsi, amma regional nüvə silahlanması fonunda Ankaranın bu yarışa məcbur qala biləcəyini vurğulaması əslində açıq siyasi mesajdan daha çox strateji xəbərdarlıq xarakteri daşıyır.

Əslində burada əsas məsələ Türkiyənin nüvə silahı əldə etmək istəməsi yox, regionda baş verə biləcək zəncirvari reaksiyadır.

Fidanın da qeyd etdiyi kimi, nüvə silahlarının yayılması bir ölkənin seçimi ilə məhdudlaşmır. Əgər regionda xüsusilə İran kimi artıq nüvə potensialı ilə bağlı mübahisələrin mərkəzində olan bir dövlət fonunda yeni aktorlar bu yola qədəm qoyarsa, bu, mövcud güc balansını kökündən dəyişə bilər. Belə bir vəziyyətdə Türkiyə kimi regional güc statusuna malik ölkənin prosesdən kənarda qalması faktiki olaraq mümkün deyil.

Mənə görə Ankaranın mövqeyi burada kifayət qədər praqmatikdir. Türkiyə açıq şəkildə bildirir ki, mövcud güc balansının pozulmasında maraqlı deyil. Bu, bir tərəfdən regionda hərbi eskalasiyanın qarşısını almaq istəyini, digər tərəfdən isə Türkiyənin öz təhlükəsizliyini strateji çərçivədə dəyərləndirdiyini göstərir. Fidanın “biz dramatik dəyişikliklər istəmirik” fikri, əslində, Türkiyənin nüvə silahını məqsəd yox, son çarə kimi gördüyünü ortaya qoyur.

Digər vacib məqam ABŞ və Qərbin təhlükəsizlik siyasətindəki dəyişikliklərdir. ABŞ-ın ənənəvi “təhlükəsizlik çətiri”nin zəifləməsi, xüsusilə Trampın “öz təhlükəsizliyini özün təmin et” yanaşması, NATO üzvləri də daxil olmaqla bir çox ölkəni alternativ ssenarilər üzərində düşünməyə vadar edir.

Fidanın “Türkiyə nüvə silahı istəyirmi?” sualına cavab verməməsi də təsadüfi deyil. Bu, diplomatik baxımdan son dərəcə ölçülmüş bir addımdır. Birbaşa “bəli” demək regionda və beynəlxalq arenada ciddi reaksiyalara səbəb olardı, “xeyr” demək isə Türkiyəni gələcəkdə strateji manevr imkanlarından məhrum edərdi. Susmaqla Ankara həm mesaj verir, həm də özünə manevr sahəsi saxlayır.

Politoloq Turan Rzayev

Избранный
28
nocomment.az

1Источники