RU

“Təhqir və şantajın qarşısını yalnız qanunla almaq mümkün deyil” – Baş redaktorlar XƏBƏRDARLIQ edir

Son illərdə sosial şəbəkələrdə təhqir, hörmətsizlik və şantaj halları sürətlə artmaqdadır. Azərbaycanda internet informasiya ehtiyatlarında bu kimi halların qarşısının alınması üçün qanunvericilik təşəbbüsləri artıq ciddi müzakirə olunur.

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif olunan dəyişikliklər internetdə ictimai mənəviyyata hörmətsizlik edən və cəmiyyətə açıq təhqir ifadə edən paylaşımları qadağan etməklə, həm hüquqi çərçivəni sərtləşdirir, həm də virtual məkanı məsuliyyətli istifadə üçün tənzimləməyə yönəlir. Lakin mütəxəssislər bildirirlər ki, qanunvericilik təkbaşına kifayət deyil: ictimai qınaq və valideyn–müəllim nəzarəti də virtual təhlükələrin qarşısını almaqda həlledici rol oynayır.

Mövzu ilə bağlı Bizim.Media portalının baş redaktoru Anar Tahirov Editor.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə artan təhqirlər, şantaj və digər xoşagəlməz halların, paylaşımların qarşısının alınması üçün dövlət tərəfindən qanunvericilik çərçivəsində tədbirlər görülür:

“Bununla bağlı cənab Prezident İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda dəyişikliyi təsdiqləyib. Sözügedən dəyişikliyə əsasən, sayt və sosial şəbəkədə cəmiyyətə qarşı açıq hörmətsizlik hərəkətləri qadağan edilib. Təbii ki, sosial şəbəkələrdə artan xoşagəlməz tendensiyalar fonunda belə bir dəyişikliyin olması olduqca mütərəqqi addımdır. Lakin hesab edirəm ki, bu cür məsələlərdə hər şeyi dövlətdən gözləmək doğru yanaşma deyil. Cəmiyyət tərəfindən zəruri addımların atılması da vacibdir. Təhqirlər səsləndirən, şantaj, təhdid xarakterli paylaşımlar edən şəxslərə qarşı ilk növbədə sosial şəbəkə istifadəçiləri hərəkətə keçməlidir.

Bir çox hallarda ictimai qınaq qadağalardan daha effektiv təsir gücünə malik olur. Ələxüsus da, bu cür xoşagəlməz paylaşımlar edənlər məşhurlaşmaq, özlərini reklam etmək istəyirlər. Əgər onlar cəmiyyətin sərt qınağı iə rastlaşsalar, belə paylaşımlardan əl çəkməyə məcbur olacaqlar”.

Baş redaktor təəssüflə bildirib ki, bir çox hallarda uşaqlar, yeniyetmələr sosial şəbəkələrdəki mənfi trendlərin, xoşagəlməz paylaşımların əsas hədəfinə çevrilirlər:

“Onlar sosial şəbəkələr vasitəsi ilə aqressiv oyunlara, kriminal aləmin ünsürlərinə meyl edirlər. Bu isə uşaqların sağlamlığına, mənəvi-psixoloji vəziyyətinə və təhsil həyatına ciddi zərbə vurur. Xüsusən də, son dövrlərdə məktəblilər arasında kriminal aləmə meyilin, cinayətlərin artdığı göz önündədir. Hesab edirəm ki, bu cür xoşagəlməz halların artmasının qarşısını almaq üçün 16 yaşından aşağı uşaqların da sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulmalıdır. Bu həm günümüzün tələbi, həm də gələcək nəsili mənəvi deqradasiyadan qorumaq üçün zərurətdir”.

Mövzu ilə bağlı “Demokrat.az” xəbər portalının rəhbəri, “Ekoloji Dayanıqlılıq və Təbiətin Qorunması” İctimai Birliyinin sədri Vasif Həsənli.“Editor.az”-a açıqlamasında bildirib ki, qəbul edilən qanunlar bir çərçivədir, insanlar üçün hüquqi sərhədləri formalaşdırır:

“Ancaq o çərçivənin içini insanlar doldurur. Çox təəssüf ki, bu gün sosial şəbəkələrlə bağlı qanunvericiliyin sərtləşdirilməsi artıq zərurətə çevrilib, çünki bir çoxları sosial şəbəkələri məsuliyyətsizlik zonası hesab edərək, burada insanları açıq şəkildə təhqir və şantaj edirlər. Bəziləri elə sanır ki, monitor arxasında oturub kimisə təhqir edəndə və ya şantaj edəndə o, toxunulmaz olacaq. Bu, heç də belə deyil. Əgər insan qanunu pozursa, fərq etmir, bu ya virtual zonadadır, yaxud adi həyatda, qanun qarşısınfa mütləq məsuliyyət daşımalıdır.

Burada təkcə cəza mexanizmi ilə də vəziyyəti düzəltmək çətindir. Bu, bir növ yol hərəkəti qaydalarına bənzəyir. Yəni, radarlar və cərimələr sürəti azaldır, amma sürücülük mədəniyyətini yalnız sürücünün daxili intizamı yaradır.

İctimai qınaq isə preventivdir. Əgər cəmiyyət olaraq hamılıqla təhqir yazan şəxsləri qınasaq, dirəniş göstərsək, o zaman həmin hərəkətləri edənlər də bu yoldan çəkinəcəklər”.

//Gülnarə Abasova, Editor.az

 

Избранный
34
1
editor.az

2Источники