RU

Regionda dağıdıcı müharibə başlayır: Cənubi Qafqaza da yayılacaq? Metyu Brayza detalları açır

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Globalinfo.az ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa və Avrasiya məsələləri üzrə keçmiş direktoru, sabiq səfir Metyu Brayza ilə müsahibənin ikinci hissəsini təqdim edir:

(Birinci hissə BURADA)

– ABŞ–İran gərginliyi Cənubi Qafqaza sıçraya bilərmi?

– ABŞ-ın İrandan konkret tələbləri var: Tehran nüvə zənginləşdirməsinə və proksi qüvvələrə dəstəyinə son qoymalı, həmçinin ballistik raket proqramını məhdudlaşdırmalıdır. Vaşinqton İranı buna məcbur etmək üçün hərbi gücdən istifadə etməklə hədələyir. İran hökuməti bildirir ki, nüvə proqramı haqqında danışacağıq, amma uranı zənginləşdirmək hüququndan imtina etməyəcəyik və ballistik raket proqramı və ya proksi qüvvələrə dəstək vasitəsilə özünümüdafiə hüququmuz müzakirə mövzusu deyil. Beləliklə, bunlar ABŞ və İran arasındakı gərginliyin əsas səbəbləridir. Bu baxımdan, Cənubi Qafqaz ikinci dərəcəli və kiçik məsələdir. İran narahatdır ki, ABŞ Cənubi Qafqazda, xüsusən də İsraillə tərəfdaşlıq çərçivəsində hərbi iştiraka malik ola və onun üçün ciddi problemlər yarada bilər. Lakin ABŞ-ın nə Azərbaycanda, nə də Ermənistanda hərbi iştirak etməyə çalışdığına dair heç bir əlamət yoxdur.

– ABŞ ilə İran nümayəndələri arasında Omanda keçirilən danışıqlar ümumən müsbət qiymətləndirilir. Tərəflərin müharibədən yayınmaq cəhdləri gərginliyin danışıqlar yolu ilə həllinə gətirib çıxara bilərmi?

– Oman danışıqlarının ziddiyyətləri aradan qaldırmaq və Trampın hərbi güc tətbiq etmək qərarının qarşısını almaq şansının olub-olmadığı barədə qəti bir açıqlama verilməyib. Amma bu, əlbəttə ki, mümkündür. Fikrimcə, Prezident Tramp hərbi güc təhdidi ilə 19-cu əsrin Prussiya strateqlərinin müharibənin siyasətin başqa vasitələrindən istifadə edərək davam etdirilməsi prinsipinə uyğun fəaliyyət göstərir. Əgər Tramp qeyd etdiyim siyasi məqsədlərinə hərbi güc tətbiq etmədən nail ola bilirsə, onda müharibəyə ehtiyac yoxdur.

– ABŞ Senatı “Epşteyn işi” üzrə yayımlanan sənədlərin açılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Bu skandal ABŞ-da, eləcə də dünyada hansı siyasi nəticələr doğura bilər?

– ABŞ Senatı və Nümayəndələr Palatası Epşteynlə bağlı sənədlərin açıqlanması haqda qanun layihəsini qəbul etsə də, Tramp administrasiyası bir neçə həftə boyunca bu qanunu qulaqardına vurdu ki, bu da konstitusiya gərginliyi yaradır. Bu yaxınlarda ABŞ Ədliyyə Nazirliyi Epşteynə aid 3 milyon sənəd yayımladı. Lakin görünür, hələ yayımlanması lazım olan daha çox sənəd var. Bu 3 milyon sənədin səhifələrindən çoxlu məlumat silindi və ya redaktə edildi. Amma hətta yayımlanan məlumatlar belə siyasi şok dalğası yaratdı. Bu, ABŞ-da o qədər də güclü deyil, çünki Prezident Trampın adı 3 min dəfədən çox xatırlansa da, onun, xüsusən də yetkinlik yaşına çatmayan qadınlarla bağlı qanunsuz hərəkət etdiyini göstərən heç nə hələ ki yayımlanmayıb.

– Lakin sözügedən məlumatların digər ölkələrdə siyasi nəticələri oldu.

– Bəli, ilk növbədə, keçmiş Avropa İttifaqının (Aİ) ticarət məsələləri üzrə komissarı və Böyük Britaniya hökumətində biznes əlaqələri üzrə katib, daha sonra isə qısa müddət ərzində Böyük Britaniyanın ABŞ-dakı səfiri olan Peter Mandelson vəzifəsindən istefa verdi. İndi isə, o, Lordlar Palatasındakı vəzifəsindən və hətta Leyboristlər Partiyasındakı üzvlüyündən istefa verib. Baş nazir Kir Starmerin Mandelsonun hərəkətlərinin qanuniliyi ilə bağlı narahatlıqlara baxmayaraq, Vaşinqtona təyin etməsi onun üçün böyük siyasi böhran yaradıb. Starmerin siyasi arenada qala biləcəyi bəlli deyil və ola bilsin ki, baş nazir postundan istefa verməli olacaq. Həmçinin, Fransanın keçmiş xarici işlər naziri Lanjın Epşteynlə əlaqələri üzə çıxdığına görə Ərəb ölkələrində sülh məsələləri üzrə analitik mərkəzin idarə heyətinin üzvü vəzifəsindən istefa verməli olduğu açıqlanıb.

“DP World” şirkətlər qrupunun rəhbəri də son günlərdə Epşteyn vasitəsilə fahişələri cəlb etdiyi barədə yayılan məlumatların obyektinə çevrilib. Və mən siyasi əks-səda yaradacaq bu kimi daha çox məlumatın ortaya çıxacağını gözləyirəm. Lakin yüksək vəzifəli Amerika siyasətçilərinə gəlincə, onların Epşteynin əməllərində iştirak etdiyinə dair hələ ki heç bir dəlil yoxdur. Bill Qeyts, dilçi və ifrat solçu siyasi şərhçi Noam Çomski və bir çox başqaları da daxil olmaqla bəzi çox tanınmış amerikalılar isə utanc içindədirlər.

Gülnar Səlimova

Globalinfo.az

İstanbul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
globalinfo.az

1Источники