RU

İqtisadi artımın təkanverici gücə ehtiyacı var

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Pərviz Heydərov yazır...

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə iqtisadiyyatında sabitliyin hökm sürməsində həqiqətən böyük rol oynayır. Bunu, qurumun iqtisadiyyatda baş verən proseslərə çevik reaksiyası, müvafiq izləmə və ehtiyatlı proqnozlaşdırma siyasəti, qəbul etdiyi qərarlar və sair əyani sübut etməkdədir. Lakin fikrimcə, AMB-nin "tətikçi və hərəkətverici" və yaxud da "hücumçu" rolu isə nəinki məhdud xarakter daşıyır, demək olar yox dərəcəsində sayılır.

Məsələn, adıçəkilən qurumun uçot dərəcəsi səviyyəsini 0.25% bənd azaldaraq 6.5%-ə endirməsi haqqında ötən həftə qəbul etdiyi qərar ölkə iqtisadiyyatında sabitliyin hökm sürdüyünə dəlalət edir. Xatırladım ki, 10 dekabr 2025-ci il tarixli qərarla da faiz dəhlizi üzrə bütün parametrlər 0.25% bənd azaldılmışdı. Uçot dərəcəsi 6.75%, faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 7.75% səviyyəsinə endirilmişdi.

Qərar 11 dekabr 2025-ci il tarixdən qüvvəyə minmişdi.

Yeri gəlmişkən, AMB-nin İdarə Heyətinin sədri Taleh Kazımovun bir qrup iqtisadçı-ekspertlərlə vaxtaşırı keçirdiyi görüşlərin birində qeyd etmişdim ki, Mərkəzi Bankın uçot dərəcəsinə dair qərarları ABŞ-də FES-nin analoji qərarları ilə sanki eyniyyət təşkil edir. FES də uçot dərəcəsinə aşağı-yuxarı məhz 0.25% dəyişiklik edir, AMB də..

Fərq yalnız ondan ibarətdir ki, FES-in qərarları kredit faizlərinə nəinki təsir edir, onu məhz birbaşa müəyyən edir və bu yolla da dolların dəyəri formalaşır, bizdə isə bunların heç biri baş vermir və yaxud da üzdə görünmür. Onu da sual etmişdim ki, olmaz AMB uçot dərəcəsinə dair 0.25% deyil, 0.5% və yaxud 1% bənd səviyyəsində qərar qəbul etsin?

Maraqlıdır, sözügedən qurumun sonuncu qərarından sonra sədr verdiyi açıqlamada bildirmişdi ki, son altı ayda uçot dərəcəsinin aşağı salınması nəticəsində fiziki şəxslərin manatla müddətli yeni depozitləri üzrə orta faizin 0.11% bənd azalaraq 9.5%-ə, hüquqi şəxslərin müddətli yeni depozitləri üzrə orta faizin 0.78% bənd azalaraq 5.87%-ə düşdüyü, fiziki şəxslərə manatla yeni verilmiş kreditlərin ortaillik faiz dərəcəsinin isə 0.48% bənd azalaraq 20.99%-ə, hüquqi şəxslərə manatla yeni verilmiş kreditlərin ortaillik faiz dərəcəsinin də 0.91% bənd azalaraq 12.9%-ə endiyi qeydə alınıb.

"Burada biz enmə meyilləri müşahidə edirik. Bir müddət lazımdır ki, uçot dərəcəsinin dəyişməsinin təsirini, depozit və kredit faizlərinə təsirini daha çox müşahidə edək", - deyə AMB sədri T.Kazımov əlavə edib.

Əlbəttə, bu yaxşı tendensiyadır və bunu inkişaf etdirmək lazımdır. Ola bilsin ki, uçot dərəcəsinə dair hər dəfə məhz 0.25%-lik qərar qəbulu da bu mənada ehtiyatlılıq prinsipindən irəli gəlir.

Ölkəmizin Mərkəzi Bankının da inkişaf etmiş ölkələrdəki analoqları kimi iqtisadiyyatın genişlənməsi - artımın təmin olunması baxımından təkanverici "tətikçi, və hərəkətverici", yaxud da "hücumçu" rolunda çıxış edə bilməsi üçün bütün bunlar kifayət deyil.

Ümumiyyətlə, bizdə iqtisadiyyatı idarə edən və tənzimləyən qurumları həyata keçirdikləri funksiyalar üzrə təsnif etsək AMB-i onların sırasında sanki "qapıçı" missiyasını yerinə yetirən qurum kimi xarakterizə etmək olar.

Belə ki, nişangahda yalnız, inflyasiya amili nəzarətdə saxlanılır ki, bu da "Azərbaycan Mərkəzi Bank haqqında" qanunun faiz dərəcələrinin müəyyənləşdirilməsinə dair 31-ci maddəsinin ikinci bəndindən irəli gəlir. Qeyd olunan bənddə yazılıb ki, Mərkəzi Bank uçot dərəcəsini müəyyənləşdirərkən ölkədəki mövcud makroiqtisadi durumu və maliyyə bazarının vəziyyətini nəzərə alır.

Hesab edirəm, bu da AMB-nin uçot dərəcəsi siyasətinin əhatəliliyini, təsir dairəsini, imkanlarını məhdudlaşdırır.

Sual yaranır ki, bəs nə etməli və əslində, necə olmalıdır?

AMB-nin iqtisadiyyatda artıma dəstəkverici rolunu təşkil etmək və gücləndirmək üçün uçot dərəcəsi daha çox aşağı salınmalıdır.

Təbii ki, mərhələlərlə...

Yuxarıda, AMB-nin bundan əvvəlki qərarını xatırlatdım. Ötən il uçot dərəcəsi üst-üstə iki dəfə aşağı salınmışdı. Hesab edirəm, bu siyasət cari il ərzində davam etdirilməlidir. Çünki ölkədə işgüzar aktivlik artmalıdır. İnflyasiyadan qorxmaq lazım deyil. Pul bazası genişlənməlidir.

Pul bazasının iqtisadi inkişafda böyük rolu var. Bu göstərici mühüm tənzimləyici, təsiredici əhəmiyyətə malikdir. Onu elə həcmdə müəyyən etmək lazımdır ki, nə inflyasiya baş versin, nə də işgüzar aktivlik ləngisin. Bu, hər bir hökumətin qarşısında duran həlli çox çətin məsələlərdən sayılır.

Yeri gəlmişkən, bu ayın əvvəli tarixinə Azərbaycanda pul bazası 22 milyard 545.3 milyon manat təşkil edib. Bu, illik müqayisədə 12% və ya 2 milyard 421.2 milyon manat artım deməkdir.

Ümid etmək olar ki, AMB-nin 2026-cı il aprel ayının 2-si tarixdə faiz dəhlizinin parametrləri ilə bağlı qəbul edəcəyi növbəti qərarı da 0.25% bənd də varsa endirim ilə yadda qalacaq. Təkrar edirəm, ölkədə iqtisadi artıma bilavasitə Mərkəzi Bank tərəfindən təkanverici gücə çox böyük ehtiyac var.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
37
oxu.az

1Источники