RU

Ermənistan sülhə sadiqdirsə...

Keçmiş qondarma rejimlə bağlı məhkəmə qərarı ləğv olunmalıdır!

Ermənistan 30 ilə yaxın müddət ərzindəki işğal siyasətində azərbaycanlılara qarşı çoxsaylı cinayətlər törədib. Hərbi və müharibə cinayətlərinin bəşəriyyətə qarşı yönəlməsinə baxmayaraq, beynəlxalq birlik ermənilərin cinayətlərinə qarşı susqunluq nümayiş etdirib. Halbuki Azərbaycan bu cinayətlər barədə beynəlxaq ictimaiyyəti daim məlumatlandırıb. Dünya birliyi Ermənistanın işğalçılıq siyasəti ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrası üçün heç bir addım atmadı, həmin sənədlər 27 il kağız üzərində qaldı. Belə olan halda, dövlətimiz BMT Nizamnaməsinə uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etdi. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı erməni işğalından azad etdi. 2023-cü ilin sentyabrında isə Qarabağda keçirilən antiterror tədbirləri nəticəsində erməni separatçılarının kökü kəsildi.

Hərbi cinayətkarlar layiqli cəzalarını aldılar

Azərbaycan o ölkələrdəndir ki, həm öz ərazi bütövlüyünü və tam suverenliyini öz gücü ilə, heç bir yerdən yardım almadan, bütün təzyiqləri dəf edərək bərpa etdi, həm də müharibə cinayətlərini törətməkdə ittiham olunan şəxslərin mühakiməsinə nail oldu. Azərbaycan öz gücü və qətiyyəti hesabına vətəndaşlarına münasibətdə ədaləti təmin etdi. Belə ki, Qarabağda antiterror tədbirlərindən sonra separatçı rejimin rəhbərliyində olmuş ermənilər, torpaqlarımızın işğalında iştirak edən yüksək rütbəli hərbçilər həbs olunaraq ədalət mühakiməsinə çıxarıldılar.  Məhkəmə tərəfindən onlara hökm oxunub.

Lakin xaricdəki müəyyən ermənipərəst dairələr, erməni lobbisi ədalət mühakiməsini beynəlxalq ictimaiyyətə yanlış təqdim etməyə çalışırlar. Bundan əlavə, Ermənistan məhkəməsinin keçmiş qondarma rejimin buraxılması haqqında Samvel Şahramanyanın imzaladığı qərarın “hüquqi qüvvəyə malik olmaması” haqqında verdiyi hökm qətiyyən qəbulolunmazdır. Bununla bağlı, Qərbi Azərbaycan İcması ABŞ Prezidenti Donald Trampın iştirakı ilə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş tarixi zirvə görüşündən sonra Azərbaycan-Ermənistan normallaşma prosesində müşahidə olunan müsbət dinamikaya, Azərbaycan və Ermənistan liderlərinin bu günlərdə Əbu-Dabidə keçirilmiş görüşün ruhuna zidd olaraq, Ermənistanda və ondan kənarda sülhə qarşı yönəlmiş bir sıra cəhdlərlə bağlı narahatlığını ifadə edib.

İcma: Bu, sülhə qarşı qərardır

İcmanın bəyanatında deyilir: “Bu xüsusda, Ermənistanda məhkəmənin Samvel Şahramanyan adlı şəxsin qondarma qurumun “özünü buraxması barədə qərarı”nın güc tətbiqi və ya təhdid altında verilməsi və buna görə də, hüquqi qüvvəyə malik olmaması barədə təxribatçı qərarını hiddətlə qarşılayırıq. Bu məhkəmə qərarı açıq-aşkar Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmişdir. Ermənistan məhkəməsi hansı əsasla, hansı mandatla suveren bir dövlətin daxili işlərinə qarışır?”.

Qərbi Azərbaycan İcması bu məhkəmə qərarını, həm də bu il parlament seçkilərinin keçiriləcəyi Ermənistanda revanşistlərin sülhə qarşı fəaliyyəti kimi qiymətləndirib. “Əgər Ermənistan məhkəməsi iki xalq arasında sülhə, barışığa töhfə vermək əzmindədirsə, onda biz Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarından deportasiya olunmasını, qəbristanlıqların, məscidlərin dağıdılmasını pisləyən məhkəmə qərarları çıxarmalıdır”.

Azərbaycanın seçdiyi yolda yalnız ərazi bütövlüyünün bərpası deyil, eyni zamanda, ədalətin təmin edilməsi dayanır. Cinayətin cəzasız qalmaması prinsipi Azərbaycanın münaqişəyə baxışının əsasını təşkil edir və bu model beynəlxalq humanitar hüququn fundamental tələbləri ilə tam uzlaşır. Məhz bu yanaşma sayəsində müharibə və insanlıq əleyhinə cinayətlərin hüquqi müstəvidə araşdırılması mümkün oldu.

Açıq və şəffaf keçirilən məhkəmə prosesi zamanı təqdim olunan faktiki sübutlar, arxiv materialları, zərərçəkmiş şəxslərin ifadələri və təqsirləndirilənlərin etirafları Ermənistan dövlətinin işğal siyasətində birbaşa rolunu üzə çıxardı. Məsələn, məhkəmədə dindirilən Lyova Mnatsakanyan açıq şəkildə bildirdi ki, tarixdə qalmış qondarma rejimin silahlı qüvvələri müstəqil struktur olmayıb, faktiki olaraq Ermənistan ordusunun ən iri hərbi birləşmələrindən biri kimi fəaliyyət göstərib. O etiraf etdi ki, qondarma rejimin “ordusunda” yüksək vəzifələrə təyinatlar İrəvanda təsdiqlənir, silah-sursat, maliyyə və canlı qüvvə ilə təminat isə Ermənistan ordusunun daxili strukturları vasitəsilə həyata keçirilirdi.

Ermənistan məhkəməsinin qərarı ləğv olunmalıdır

2025-ci il aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal etməsi zamanı əməliyyatda iştirak etdiyini təsdiqləyib. Məhkəmə prosesində belə faktların sayını kifayət qədər göstərmək olar.

Bəlkə də, Ermənistan məhkəməsi bu saxta qərarı Azərbaycan məhkəməsi tərəfindən erməni cinayətkarlara qarşı çıxardığı hökmlərə “cavab” olaraq qəbul edib. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan tərəfinin addımı beynəlxalq hüquqa tam uyğundur və ədalətlidir. Lakin Ermənistan isə öz qərarı ilə qanunsuz mövcud olmuş separatçı rejimə “hüquqi don” geyindirməyə çalışıb. Əlbəttə, Ermənistan məhkəməsinin qərarı kağız parçasından başqa bir şeyil. Ən azı Qarabağda separatçıların kökü tamamilə kəsilib. Digər tərəfdən isə bu qərar rəsmi İrəvanın sülhə sadiqliyini şübhə altına alır. Ona görə də, Ermənistan məhkəməsinin sözügedən qərarı ilk növbədə, bu ölkənin zərərinədir. Bu səbəbdən, həmin qərar ləğv olunmalıdır.       

Nardar BAYRAMLI

Избранный
109
1
yeniazerbaycan.com

2Источники