RU

ABŞ Ticarət Palatası: Amerika şirkətləri Azərbaycanı regional əlaqə mərkəzi kimi görür

Amerika şirkətləri Azərbaycanı regional əlaqə mərkəzi kimi görür.

APA xəbər verir ki, ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi APA-nın sualına cavabında Azərbaycana təşkil olunan missiyanın əsas məqsədləri barədə danışıb.

Onun sözlərinə görə, səfərin əsas hədəfi konkret sazişlərin imzalanması deyil, Amerika şirkətlərinin Azərbaycan biznes mühiti ilə yaxından tanış olması və hökumət nümayəndələrindən mövcud imkanlar, eləcə də gələcək planlar barədə birbaşa məlumat alması olub.

Kuş Çoksi bildirib ki, Azərbaycan bazarlarında fəaliyyət göstərməyin bir sıra mühüm üstünlükləri mövcuddur. Onun sözlərinə görə, bu üstünlüklərdən birincisi ölkənin hazırkı inkişaf mərhələsidir.

“Azərbaycan güclü infrastruktura malikdir. Ölkə enerji resurslarından istifadə etməklə iqtisadiyyatını şaxələndirib və bu, davamlı iqtisadi artımın təmin olunmasına imkan yaradıb. Bu amil Azərbaycanın gələcək inkişafı üçün geniş imkanlar açır”, – deyə o qeyd edib.

Kuş Çoksi vurğulayıb ki, bu imkanlar xüsusilə turizm sektorunda aydın şəkildə müşahidə olunur. Ölkəyə gələn turistlərin sayında artım, infrastrukturun inkişafı və Bakının zəngin tarixi-mədəni irsi bu potensialın bariz nümunəsidir.

ABŞ Ticarət Palatasının nümayəndəsi Azərbaycanın ikinci əsas üstünlüyü kimi onun coğrafi mövqeyini göstərib. Bildirib ki, Azərbaycan şərqlə qərb arasında yerləşən mühüm birləşdirici mərkəzdir və Avropanın enerji ehtiyacları fonunda enerji, nəqliyyat marşrutları, logistika, istehsal və şimal-cənub əlaqələri baxımından strateji əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, regionun inkişafının davam etməsi Azərbaycanın rolunu daha da gücləndirəcək. Qeyd olunub ki, Azərbaycan C5 formatının bir hissəsidir və bu platformanın C6 formatına çevrilməsi regional əməkdaşlıq üçün yeni imkanlar yaradır. Ölkənin coğrafi mövqeyi ona öz sərhədlərindən kənarda yerləşən bazarlara çıxış imkanı verir.

Kuş Çoksi əlavə edib ki, ABŞ şirkətləri Azərbaycanı strateji dönüş nöqtəsi kimi qiymətləndirir və regionu Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Avropa ilə birləşdirən əsas mərkəzlərdən biri hesab edirlər. Onun sözlərinə görə, bu kontekstdə Azərbaycan qlobal təchizat zəncirlərinin genişlənməsində, o cümlədən kritik minerallar, neft və qaz məhsulları, fiber-optik xətlər, regional və rəqəmsal əlaqələndirmə sahələrində mühüm rol oynaya bilər.

Избранный
51
apa.az

1Источники