RU

Elm məktəbdən başlayır: UNEC-in təşəbbüsü genişlənir

UNEC-in 3 ildir həyata keçirdiyi “Elmin populyarlaşdırılması” və “Elm gözəldir: məktəbdən elmə” təşəbbüsləri bu dəfə Naxçıvan Muxtar Respublikasında reallaşdırılıb.

AzEdu.az xəbər verir ki, “Elmin populyarlaşdırılması” təşəbbüsünün məqsədi elmi hər kəsin ortaq dəyərinə çevirərək, gənclərin elmə marağının artırılmasıdır. “Elm gözəldir: məktəbdən elmə” təşəbbüsü isə məktəblilər arasında elmi fəaliyyətə maraq oyatmaq, onlarda tədqiqatçılıq ruhunu erkən yaşlardan inkişaf etdirmək, elmi potensialını formalaşdırmaq, eləcə də elmi şagirdlərə sadə dildə təqdim etmək məqsədi daşıyır. Layihə çərçivəsində alimlərlə məktəblilər arasında birbaşa ünsiyyət qurularaq, elmin yalnız nəzəri biliklər deyil, həyatımızın bir parçası olduğu izah edilir və elmin cəmiyyət üçün əhəmiyyəti ön plana çıxarılır.

Nümayəndələr Naxçıvan Dövlət Universitetinin (NDU) kampusu, elm mərkəzləri, laboratoriya imkanları ilə yaxından tanış olublar.

NDU-nun professor-müəllim heyəti ilə keçirilən görüşdə Prezident İlham Əliyevin tövsiyələri əsas götürülərək ana dilinin saflığının qorunması məsələləri önə çəkilmiş, elmin populyarlaşdırılması sahəsində beynəlxalq təcrübə və ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

Tədbirin sonunda UNEC və NDU arasında əməkdaşlığa dair memorandum imzalanıb. Hər iki universtetin elektron kitabxanalarının inteqrasiyası və ortaq qrant layihələrin reallaşdırılmasına dair razılıq əldə olunub.

“Elm gözəldir: məktəbdən elmə” təşəbbüsü çərçivəsində NDU nəzdindəki Beynəlxalq Məktəbdə və Ordubad şəhər 1 saylı tam orta məktəbində şagirdlərlə görüşlər keçirilib. Naxçıvanın təhsil naziri Elxan Nəcəfovun da iştirak etdiyi görüşlərdə dövlət başçısı İlham Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı tövsiyələri xüsusi diqqət mərkəzində saxlanılıb.

Elmin təməlinin məktəb illərində qoyulduğu və gələcəkdə böyük kəşflərə imza atacaq alimlərin bu gün sinif otaqlarında əyləşən şagirdlər arasından yetişə biləcəyi qeyd edilib. Şagirdləri həm milli dəyərlərə, həm də müasir elmi biliklərə yiyələnməyə çağıraraq, elmlə məşğul olmağın yaş həddi tanımadığı bildirilib.

Görüşlərin sonunda məktəblərin kitabxanalarına kitablar hədiyyə edilib.

Избранный
28
9
azedu.az

10Источники