RU

“Alman Dəmir Yolları” şirkəti regional qatarlarda təhlükəsizlik tədbirlərini gücləndirmək istəyir

Berlin, 10 fevral, AZƏRTAC

“Alman Dəmir Yolları” şirkəti ölkənin Rayndland-Pfalts əyalətində bilet yoxlayan əməkdaşın ölümünə səbəb olan hücumdan sonra qatarlarda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün Berlində xüsusi iclas təşkil edəcək.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, tədbirdə regional sürət qatarlarında və digər qatarlarda təhlükəsizliyin gücləndirilməsi üçün təxirəsalınmaz tədbirlərin müəyyənləşdirilməsi məsələsi müzakirə olunacaq. İclasda hökumətin, federal polisin nümayəndələri, regional nəqliyyat şirkəti və qurumlarının təmsilçiləri iştirak edəcəklər.

Qeyd edək ki, son vaxtlar ictimai nəqliyyatda, xüsusən dəmir yolu vağzallarında və qatarlarda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı müzakirələrə tez-tez rast gəlinir. Dəmir yolu işçisinin ölümü ilə nəticələnən sonuncu hadisə Kayzerslautern şəhəri yaxınlığında baş verib. Türk əsilli 36 yaşlı konduktor sərnişinlərin biletlərini yoxlayarkən biletini göstərmək istəməyən şəxs tərəfindən döyülüb. Ağır xəsarət alan həmin şəxs xəstəxanada ölüb. Hücumu törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb olunub. Bu hadisədən sonra siyasətçilər, polis təşkilatları və həmkarlar ittifaqları regional qatarlarda təhlükəsizlik əməkdaşlarının sayının artırılması tələbini yenidən gündəmə gətiriblər.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Избранный
47
2
azertag.az

3Источники