RU

Meksika ABŞ-nin təhdidləri fonunda Kubaya neft tədarükünü dayandırıb

Vaşinqtonun gömrük rüsumları ilə bağlı qərarı Mexikanı geri addım atmağa məcbur edib...

Poliqon xəbər verir ki, Meksika ABŞ tərəfindən mümkün ticarət rüsumlarının tətbiqi təhlükəsi səbəbindən Kubaya neft tədarükünü müvəqqəti olaraq dayandırıb. Bu barədə Meksika prezidenti Klaudiya Şeynbaum TASS agentliyinə açıqlamasında bildirib.

Prezidentin sözlərinə görə, hazırda neft göndərişi dayandırılıb və məqsəd Meksika üçün yarana biləcək mənfi iqtisadi və siyasi nəticələrin qarşısını almaqdır. “Hazırda neftin göndərilməsi dayandırılıb, biz Meksika üçün mənfi nəticələrdən yayınmağa çalışırıq”, – Şeynbaum qeyd edib.

O, eyni zamanda bildirib ki, ABŞ Kubaya yanacaq tədarükü həyata keçirən ölkələrə qarşı gömrük rüsumlarının tətbiqini nəzərdə tutan müvafiq fərman dərc edib. Bununla belə, Meksika prezidenti vurğulayıb ki, ölkəsi Kubaya humanitar dəstək göstərməkdən imtina etmir və bu yardım davam edəcək.

Xatırladaq ki, yanvarın 29-da ABŞ prezidenti Donald Tramp Kubadan guya ABŞ-nin milli təhlükəsizliyinə təhdid yarandığını əsas gətirərək ölkədə fövqəladə vəziyyət elan edib. Buna cavab olaraq, Kuba hakimiyyəti də ertəsi gün adada fövqəladə vəziyyət rejimi tətbiq edib və bu qərarı Vaşinqtondan gələn “ekstremal təhlükə” ilə izah edib.

Kuba xarici işlər naziri Bruno Rodriqes Parrilya isə ABŞ-dən qaynaqlanan təhlükənin “böyük ölçüdə anti-Kuba yönümlü neofaşist sağ qanadın fəaliyyəti ilə bağlı olduğunu” bildirib. Onun sözlərinə görə, Vaşinqtonun son addımları siyasi təzyiqin daha da gücləndirilməsinə xidmət edir.

Qeyd edək ki, bu bəyanatlardan iki gün sonra Donald Tramp Kubaya neft tədarükü həyata keçirən ölkələrdən idxal olunan mallara gömrük rüsumlarının tətbiqini nəzərdə tutan fərmanı imzalayıb. Bu qərar Latın Amerikası ölkələri ilə ABŞ arasında münasibətlərdə yeni gərginlik mərhələsi kimi qiymətləndirilir.

Poliqon.info

Избранный
63
poliqon.info

1Источники