RU

Babanın sifəti yadındadır, qızım?..

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

- Zəhra, yadındadır, sənin beş yaşın vardı…

Mehdiabadda həyətdə yerdən quru çubuğu götürüb dedin ki, “ata, mən acağ əkirəm”. Və onu torpağa sancdın…

Mən də bunu telefonun yaddaşına köçürdüm…

Sonra onun dibinə su tökdün...

Hər həftə babagilə gələndə o çubuğa baxırdın, onun böyüməyini, çiçəkləməyini gözləyirdin...

Pəncərədən ona baxıb soruşurdun ki, “ata, o böyüyəcək?..”

Mən də sənə deyirdim ki, “əlbəttə, böyüyəcək qızım...”

Sonra sən böyüdün...

Baban həmin yerdə tut ağacı əkdi...

Bir gün, sən bizə qonaq gəlmiş dostumun uşaqları ilə o tut ağacının altında oynayırdınız, tut yığırdınız, baba budaqları silkələyirdi...

Tutlar tökülürdü ağ mələfənin üstünə.

Siz uşaqlar elə sevinə-sevinə, hay-küylə göydən tökülən tutları yığırdınız ki...

Yadındadır?…

Babanın sifəti yadındadır, qızım?…

O elə heey silkələyirdi budaqları...

Sən bir az da böyüdün...

İndi babanın 82 yaşı var...

O gün nərdivan söykəyib tut ağacına çıxırdı...

Oğluna ağacın başında qalmış son tutları yığmaq istəyirdi...

Mən də anamla talvarın altında oturub ona baxırdıq-narahat olduq, yıxılar deyə...

Anam ona “əəə, çıxma, cavanlıq eləmə, yıxılarsan”- dedi...

O isə çevrilib, qeyzlə “arvad, sən danışma, mən bilirəm neynəyirəm”- dedi...

İndi payızdır, qızım, tut ağacı soyunub yarpaqlarını...

Biz-atam, anam və mən oturmuşuq talvarın altında...

Susuruq...Heey susuruq...

Birdən baban deyir ki, a bala, bir az söhbət elə...

Mən anama baxıram-nənən gözlərini bir yerə dikib-gözü yol çəkirmiş kimi-nələrisə xatırlayır yəqin...

Mən babana çevrilib- “ata, yadındadır, Zəhra bura çubuq basdırmışdı, əkdiyin tutun yerinə...”

Baban çönüb tut ağacına baxdı, başını tərpədib- “hə, bala”- dedi...

Sonra nənən- “Zəhra deyəsən dərs hazırlayır”- dedi. Və “Allah onun bəxtini versin, sənə xeyirli övlad olsun”- dedi...

Sonra biz yenə də bir-birimizə baxıb susduq, susduq, susduq...

9 oktyabr 2024-cü il...

Dünən atası Məhəmməd Həşimovu torpağa tapşıran əməkdar artist, telejurnalist Rafiq Həşimov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
51
qafqazinfo.az

1Источники