RU

Qazaxda yeniyetmə atasının maşını ilə piayadanı vurub öldürdü

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qazax rayonunda baş vermiş ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi üzrə hökm elan edib.

BAKU.WS-in məlumatına görə, 2008-ci il təvəllüdlü, Qazax rayon sakini olan yetkinlik yaşına çatmayan şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan ölümə səbəb olmaqda təqsirli bilinib.

O, 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə də, cəza 1 il 6 ay sınaq müddəti ilə şərti hesab edilib. Eyni zamanda, təqsirləndirilən 3 il müddətinə avtomobil idarə etmək hüququndan məhrum olunub. Onun davranışına nəzarət Qazax Rayon İcra və Probasiya Şöbəsinə tapşırılıb.

İstintaq materiallarına görə, hadisə 7 iyun 2025-ci il saat 21:00 radələrində Qazax–Barxudarlı avtomobil yolunun Qazax şəhəri ərazisində baş verib. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi və etibarnaməsi olmadan atasına məxsus "VAZ 21099" markalı avtomobili idarə edərkən yolu keçən 1948-ci il təvəllüdlü piyadanı vurub.

Zərərçəkmiş şəxs ağır xəsarətlər – baş-beyin travması, sınıqlar və hematomalar alıb və uzun müddət müalicə olunduqdan sonra 27 sentyabr 2025-ci il tarixdə posttravmatik meninqoensefalit nəticəsində vəfat edib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü təqsirli bilib, peşman olduğunu bildirib və hadisənin avtomobilin işıq sistemində nasazlıq və piyadanın qəfil yola çıxması nəticəsində baş verdiyini deyib. Zərərçəkmişin hüquqi varisi – qızı məhkəməyə ərizə təqdim edərək barışıq əldə olunduğunu və şikayətinin olmadığını bildirib.

Şahidlərin ifadələri və texniki ekspertiza rəyləri hadisənin yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verdiyini təsdiqləyib.

Избранный
20
1
far.az

2Источники