RU

Pensiyalarla bağlı QƏRAR – Nə qədər artacaq, kimlər YARARLANACAQ?

Xəbər verdiyimiz kimi, Azərbaycanda əmək pensiyalarının artırılması ilə bağlı yeni mexanizm tətbiq olunub. Pensiyalar 2025-ci il üzrə ölkədə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 9,3 faiz indeksləşdirilib və bu artım 2026-cı ilin 1 yanvar tarixindən qüvvəyə minib.

NOCOMMENT.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasına əsasən, Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” imzaladığı Sərəncama uyğun olaraq 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəsmi məlumatlar əsasında artırılır. Pensiyaçıların bu artımdan yararlanması üçün hər hansı müraciət etməsinə və sənəd təqdim etməsinə ehtiyac yoxdur. Artımlar elektron sistem vasitəsilə avtomatik şəkildə hesablanır.

Nazirlik bildirir ki, yanvar ayı üzrə pensiyalara edilən artımlar fevral ayının pensiyası ilə birlikdə ödəniləcək. Bu isə o deməkdir ki, pensiyaçılar fevral ayında həm yeni, artırılmış pensiya məbləğini, həm də yanvar ayına düşən artım fərqini eyni vaxtda alacaqlar. İndeksləşdirmə bütün pensiyaçıları, o cümlədən hərbi qulluqçuları, hüquq-mühafizə orqanlarının əməkdaşlarını və digər kateqoriyaları əhatə edir. Ümumilikdə artım 1,1 milyon pensiyaçıya şamil olunur və bunun üçün dövlət büdcəsindən illik əlavə 640 milyon manat vəsait ayrılıb.

Bununla yanaşı, sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək toplanmış pensiya kapitalları da ötən il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 5,6 faiz artırılıb. Bu artım sosial sığorta sistemində iştirak edən şəxslərin gələcək pensiya təminatının dövlət tərəfindən də dəstəkləndiyini göstərir.

Akif Nəsirli

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli NOCOMMENT.az-a bildirib ki, əmək pensiyalarının indeksləşdirilməsi “Əmək pensiyaları haqqında” qanuna əsasən hər il həyata keçirilir və bu mexanizm əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqının artım faizinə uyğunlaşdırılır. Onun sözlərinə görə, 2025-ci ildə orta əməkhaqqının 9,3 faiz artması pensiyalarda da eyni səviyyədə artımın tətbiq olunmasına hüquqi əsas yaradıb və bu, pensiyaçıların gəlirlərinin inflyasiya fonunda qorunmasına xidmət edir: “İndeksləşdirmə bütün növ əmək pensiyalarına — yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiyalara şamil olunur. Yəni pensiyanın növündən asılı olmayaraq, əmək pensiyası alan hər bir vətəndaş bu artımdan yararlanır. Xüsusilə aşağı və orta pensiya alan şəxslər üçün bu artım mühüm sosial əhəmiyyət daşıyır, çünki qiymət artımları fonunda pensiyaçıların alıcılıq qabiliyyətinin müəyyən qədər qorunmasına imkan yaradır. Fərdi pensiya kapitallarının indeksləşdirilməsi gələcəkdə vətəndaşların daha yüksək pensiya almasına müsbət təsir göstərəcək”.

Sara

Избранный
33
nocomment.az

1Источники