RU

ABŞ Asiyadan Avropaya və əks istiqamətə uzanan tranzit yollarının inkişafında maraqlıdır ŞƏRH

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 9 fevral, AZƏRTAC

ABŞ-ın vitse-prezidenti Cey Di Vensin regiona səfəri pozitiv xarakter daşıyır.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov deyib.

Onun sözlərinə görə, səfər formal və ya protokol xarakteri daşımır, ABŞ-ın Cənubi Qafqazın iki ölkəsi ilə münasibətlərində yeni bir mərhələnin başlanğıcının əsası ola bilər.

“Söhbət sadəcə siyasi mesajlardan və ya Vaşinqtonun regiona diqqət nümayiş etdirməsindən yox, ABŞ-ın Cənubi Qafqaza yanaşmasında keyfiyyət dəyişikliyini rəsmiləşdirmək cəhdindən gedir. Bununla yanaşı qeyd etmək lazımdır ki, ABŞ dünyanın müxtəlif bölgələrinə investisiya, iqtisadi əməkdaşlıq ilə müdaxilə edərək öz maraqlarını qorumağa çalışır. Vitse-prezident də ilk növbədə Zəngəzur dəhlizinin (Tramp yolu) fəaliyyəti, funksiyası, səmərəliliyi və digər bu kimi məsələlərlə maraqlanacaq. Həm Azərbaycan, həm də Ermənistan ABŞ-ın regiona nüfuz etməsindən narahat deyil.

Siyasi məqamlara toxunaraq isə bildirmək lazımdır ki, ABŞ Asiyadan Avropaya və əks istiqamətə uzanan tranzit yollarının inkişafında maraqlıdır. Bu geosiyasi üstünlük vəd edir ki, bu fürsəti də rəsmi Vaşinqton əldən vermək istəmir. ABŞ buna nail olmaq üçün Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesinin məntiqi nəticəyə çatmasına çalışır. TRİPP marşrutu üzrə əldə olunacaq razılaşmalarda ABŞ həlledici rol oynayır. Bu, postsovet məkanında Vaşinqtonun sadəcə iştirakçı deyil, faktiki olaraq əsas aparıcı olduğu ilk infrastruktur layihəsidir. Dünyada cərəyan edən gərgin geosiyasi proseslərin fonunda ABŞ vitse-prezidentinin regiona səfəri pozitiv xarakter daşıyır”, - deyə ekspert nəzərə çatdırıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
23
1
azertag.az

2Источники