RU

Leyla Bəyim: “Yeddi gözəl”in musiqisi dünyanın yaranış musiqisidir

Bakı, 9 fevral, Anara Axundova, AZƏRTAC

Bu il Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, dahi bəstəkar, akademik, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Qara Qarayevin anadan olmasının 108-ci ildönümü tamam olur.

AZƏRTAC dünyanın müxtəlif ölkələrində yaşayan və fəaliyyət göstərən musiqiçilər, mədəniyyət və incəsənət xadimləri ilə silsilə söhbətləri davam etdirir.

Qara Qarayev yaradıcılığının təsiri barədə Azərbaycan və Çexiya Yazıçılar İttifaqlarının üzvü, “Natəvan” cəmiyyətinin və Praqadakı Azərbaycan Mədəniyyət Evinin rəhbəri Leyla Bəyim danışıb.

“Qara Qarayev mənim sevimli bəstəkarımdır. Qarayev musiqisi heyrətamiz bir xüsusiyyətə malikdir. O, insan ruhunun ən dərin qatlarına nüfuz etməyi bacarır. Ruhun hücrəsində işıq yandırır… Axşamlardan birində klassik musiqiyə qulaq asırdım. “Yeddi gözəl” baletindən bir parçanı dinləyəndə birdən mənimlə də belə bir hal baş verdi – alışdım!” – deyə həmsöhbətimiz bildirir.

“Dinlədiyim musiqinin sədaları altında misralar sanki öz-özünə yaranırdı… Mən xoreoqrafik partituranı sözbəsöz izləmirdim. Mən başqa bir şeyi dinləyirdim... bu musiqidə yaşayan, rəqs edən, yeddi rəngli alov kimi közərən daxili odun hərəkətini! Mənə elə gəlirdi ki, Yaradan dünyanı məhz bu musiqi altında yaradıb… Beləcə, mənim şifahi yeddi rəqsim yarandı… Poemamda rəqslərin ardıcıllığını şüurlu şəkildə dəyişdim. Mən qırmızı geyimli slavyan gözəlinin rəqsi ilə başladım – başlanğıcın, doğuluşun rəngi ilə. Qara Qarayev fevral ayında, qışda anadan olub və mən istədim ki, başlanğıc nöqtəsi məhz qış olsun. Sonu isə baharı, cənnət bağlarını simvolizə edən Xorəzm gözəlinin rəqsi ilə tamamladım. Qara Qarayevin ruhu da baharda başqa dünyaya, cənnət bağlarına köçüb…

Bu şeirləri Qara Qarayevin oğlu, bəstəkar Fərəc Qarayevə göndərəndə qiymətləndirmə gözləmirdim. Yalnız bir şeyi gözləyirdim – reaksiyanı… Fərəc Qarayev mənə qısa məktubla cavab verdi: “Hörmətli Leyla, ithafa görə Sizə təşəkkür edirəm! Çox musiqili şeirlərdir, “Yeddi portret”in musiqisinin özünəməxsus və çoxtutumlu əksidir. Şeir yolunda Sizə uğurlar arzulayıram!”

Bu ithafı bəstəkar Milan Dvorjak da yüksək qiymətləndirərək onu çex dilinə tərcümə edib. Tərcümədə olan şeirlər müxtəlif tədbirlərdə peşəkar aktyor ifasında səsləndirilib.

Poetik yeddi menoramı ingilis dilində ABŞ-dan olan həmvətənimiz, poetik mətnlərin tərcüməçisi Gülnarə Holl alovlandırıb.

Bu şeirlər Düsseldorfda “Pinocchio” təşkilatı tərəfindən təşkil olunan, Qara Qarayevin 100 illiyinə həsr edilmiş tədbirdə səsləndirilib. Təşkilata Almaniyada yaşayan həmvətənimiz, musiqiçi Lalə Süleymanova rəhbərlik edib. Musiqi hissəsini Almaniyadan olan skripkaçı Anar Bramo təqdim edib.

Çexiyadan olan azərbaycanlı kukla ustası Vəfa Aşumova “Yeddi gözəl” mövzusunda müəllif işlərini nümayiş etdirib. Həmin gecədə Düsseldorfun meri və Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev də iştirak ediblər.

Sonradan gözlənilmədən yaranan bu şeirləri təhlil edərək və ilkin mənbənin mahiyyəti üzərində düşünərək bir nəticəyə gəldim: Qarayevin musiqisi hekayə anlatmır. O, daim yaradılmaqda olan dünyanı əks etdirir… Bu, bir dövrün abidəsi deyil. Bu, hər zaman bugünkü dünyanın, çoxrəngli, Yaradanın sevgisi ilə dolu dünyanın əksidir…

Избранный
40
1
azertag.az

2Источники