ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qlobal geosiyasi və iqtisadi qeyri müəyyənliklər fonunda qızıl bazarında dalğalanmalar müşahidə olunur. ABŞ, Çin və Avropa arasında davam edən gərginliklər investisiya davranışlarına birbaşa təsir edir. Son dövrlərdə qızıl ənənəvi etibarlı alət kimi qalsa da, artan risklər fonunda əvvəlki sabitliyini qismən itirib. Bu şəraitdə investorlar alternativ və daha sabit istiqamətlər axtarmağa başlayırlar.Məsələ ilə bağlı iqtisadçı Razi Abbasbəyli Demokrat.az-a bildirib ki, qərarlar müvəqqəti xarakter daşıyır:"Geosiyasi qeyri müəyyənliklər, xüsusilə ABŞ və İran münasibətlərinin mümkün inkişafı, eyni zamanda avrozonada iqtisadi göstəricilərdəki dəyişikliklər və avronun dəyər qazanması bu fonda qızılın qiymətində dalğalanmalar yaradıb. Yaxın dövr üçün siyasi və iqtisadi proqnozlar göstərir ki, Çin və ABŞ, eləcə də Avropa ilə ABŞ arasında gərginlik qalacaq".O bildirib ki, gərginliklər qızıla olan etibarı müəyyən qədər artırsa da, qiymətlərdə kəskin ucuzlaşma gözlənilmir:"Qızıl hələ də etibarlı investisiya aləti sayılır. Bununla belə, son dövrlərdə baş verən süni qiymət artımları və gözlənilməz sıçrayışlar onu əvvəlki illərlə müqayisədə daha riskli yatırma çevirib. Adətən belə hallarda investisiya alətinin risk göstəriciləri yüksəlir və yatırımlar azalır. Qızıl uzun müddət etibarlı alət kimi çıxış etsə də, bundan sonra ona olan etibarın nisbətən azalacağı ehtimal edilir. Çünki kəskin bahalaşma çox vaxt kəskin ucuzlaşma ilə müşayiət olunur".Ekspert deyib ki, bununla belə, ciddi ucuzlaşmanın olacağını demək çətindir, çünki dünya iqtisadiyyatında sabitlik hələ formalaşmayıb:"Avronun möhkəmlənməsi və dolların dəyər itirməsi avroya olan etibarı artırır. Bu şəraitdə Azərbaycan vətəndaşları üçün sığortalanmış əmanətlər və avro ilə olan əmanətlər daha məqsədəuyğun seçim hesab oluna bilər. Avrozonada iqtisadi göstəricilərin artması fonunda avronun yaxın dövrdə daha da möhkəmlənəcəyi gözlənilir", - ekspert fikrini yekunlaşdırıb.Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.