RU

Əmək pensiyalarının indeksləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

ain.az bildirir, Xalq qazeti portalına istinadən.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci, 29.1-ci və 29.1-1-ci maddələrinə uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 2026-cı il yanvarın 1-nə 2025-ci il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:

1.1. orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2026-cı il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların;

1.2. istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncam 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 fevral 2026-cı il

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
2
40
xalqqazeti.az

10Источники