RU

Naxçıvanın yaranması və milli mədəni irsin qorunması

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvan Muxtar Respublikasının yaranması Azərbaycan dövlətçilik tarixində mühüm siyasi hadisə olmaqla yanaşı, milli ədəbiyyatın və mədəniyyətin qorunması baxımından da xüsusi əhəmiyyətə malikdir. Tarixi Azərbaycan torpağı olan Naxçıvan əsrlər boyu zəngin mədəni mühitin formalaşdığı, görkəmli elm, ədəbiyyat və mədəniyyət xadimlərinin yetişdiyi mühüm mərkəzlərdən biri olmuşdur.

XX əsrin əvvəllərində Cənubi Qafqazda baş verən mürəkkəb ictimai-siyasi proseslər Naxçıvanın taleyinə birbaşa təsir göstərmişdir. Ermənistan tərəfindən irəli sürülən ərazi iddiaları şəraitində Naxçıvan əhalisi yalnız öz torpaqlarını deyil, eyni zamanda milli-mənəvi dəyərlərini, dilini, ədəbiyyatını və mədəni irsini qorumaq uğrunda mübarizə aparmışdır. Bu mübarizənin nəticəsi olaraq 1921-ci il Moskva və Qars müqavilələri ilə Naxçıvanın Azərbaycanın himayəsi altında muxtar ərazi statusu hüquqi cəhətdən təsbit edilmişdir.

1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılması bölgədə siyasi sabitliyin təmin olunması ilə yanaşı, mədəni və ədəbi həyatın inkişafı üçün də geniş imkanlar yaratmışdır. Muxtariyyət statusu milli dilin qorunmasına, folklor nümunələrinin toplanmasına, klassik və müasir ədəbiyyatın inkişafına əlverişli şərait formalaşdırmışdır.

Naxçıvan Azərbaycan ədəbiyyatına görkəmli şəxsiyyətlər bəxş etmişdir. Əcəmi Naxçıvani Azərbaycan memarlıq məktəbinin banilərindən biri kimi milli mədəniyyət tarixində mühüm yer tutur. Məhəmməd Tağı Sidqi maarifçilik ideyalarının yayılmasında, Hüseyn Cavid isə fəlsəfi-dramatik əsərləri ilə Azərbaycan ədəbiyyatında yeni mərhələnin formalaşmasında əvəzsiz rol oynamışdır. Muxtariyyət dövründə bu görkəmli sənətkarların irsinin qorunması və təbliği dövlət səviyyəsində diqqət mərkəzində saxlanılmışdır.

Eyni zamanda Naxçıvan Muxtar Respublikası zəngin tarixi-memarlıq abidələri və mədəniyyət nümunələri ilə seçilir. Möminə xatun türbəsi, Qarabağlar türbəsi, Əlincəqala kimi abidələr bölgənin qədim mədəniyyət və dövlətçilik ənənələrinin canlı göstəriciləridir. Bu abidələrin qorunması və bərpası milli-mədəni irsin davamlılığının təmin edilməsinə xidmət edir.

Nəticə etibarilə, Naxçıvan Muxtar Respublikasının yaranması yalnız inzibati-siyasi əhəmiyyət daşımır, eyni zamanda Azərbaycan ədəbiyyatının, mədəniyyətinin və mənəvi dəyərlərinin qorunmasına yönəlmiş tarixi zərurət olmuşdur. Muxtariyyət Naxçıvanın Azərbaycanla ayrılmaz bağlılığını möhkəmləndirmiş və onun zəngin mədəni irsinin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynamışdır.

Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi onun muxtariyyət statusunun zəruriliyini daha da artırırdı. Ermənistan ərazisi ilə Azərbaycanın əsas hissəsindən ayrılan Naxçıvan, İran və Türkiyə ilə sərhəddə yerləşir. Bu vəziyyət bölgənin həm strateji, həm də iqtisadi baxımdan xüsusi əhəmiyyətə malik olmasına səbəb olmuşdur.

Muxtariyyət statusu Naxçıvanın daxili potensialından səmərəli istifadə etməyə, yerli resursların inkişafına və regional əlaqələrin qurulmasına imkan verdi. Xüsusilə Türkiyə ilə sərhəd əlaqələri Naxçıvanın iqtisadi və mədəni həyatında mühüm rol oynamağa başladı.

Naxçıvan Muxtar Respublikasının qurulması tarixi zərurət və mürəkkəb siyasi proseslərin nəticəsi kimi meydana çıxmışdır. Bölgənin muxtariyyət statusu Azərbaycan xalqının iradəsini, Naxçıvan əhalisinin milli kimliyini və ərazi bütövlüyünə sadiqliyini əks etdirir. Beynəlxalq müqavilələrlə təsbit olunmuş bu status Naxçıvanın təhlükəsizliyinin və inkişafının əsas təminatlarından biridir. Bu gün Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi kimi siyasi, iqtisadi və mədəni sahələrdə öz inkişaf yolunu davam etdirir. Onun qurulma tarixi isə dövlətçilik ənənələrimizin, milli birliyimizin və siyasi uzaqgörənliyimizin parlaq nümunəsi kimi yadda qalır.

Nigar Sadıqzadə

Dosent

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
11
1
525.az

2Источники