RU

İsveçdə ağır cinayət törədən qaçqınların deportasiyasının sadələşdirilməsi müzakirə olunur

Stokholm, 9 fevral, Nərgiz Cəfərli, AZƏRTAC

İsveç hökuməti qaçqın statusu olanlar da daxil olmaqla, təcavüz və digər ağır cinayətlər törətmiş şəxslərin deportasiyasını sadələşdirmək üçün BMT-nin Qaçqınlar Konvensiyasının icrasını sərtləşdirmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu ölkənin miqrasiya naziri Yohan Forsselin sözlərinə görə, 1951-ci ildən qüvvədə olan Konvensiya köhnəlib və dövlətin seçim imkanlarını məhdudlaşdırır.

Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Konvensiyanın artıq xüsusilə ağır cinayətlər törətmiş və cəmiyyət üçün təhlükə yaradan şəxslərin deportasiyasına imkan verdiyini vurğulayır. Ali Komissarlığın regional direktoru Annika Sandlundun sözlərinə görə, təcavüz və bir sıra digər cinayətlər uzun müddətdir ki, deportasiya üçün əsas ola biləcək əməllər siyahısına daxil edilib.

Fikir ayrılığı deportasiya prinsipinin özünə deyil, prosedura aiddir. İsveç hökuməti fərdi məhkəmə qiymətləndirməsi olmadan təcavüz və seksual zəmində digər cinayətləri avtomatik olaraq xüsusilə ağır kimi təsnif etmək istəyir. BMT-nin Ali Komissarlığı isə əksinə, hər bir işə məhkəmələr tərəfindən bütün hallar əsasında baxılmalı olduğunu təkid edir.

Qaçqınları qorumaq üçün beynəlxalq öhdəlikləri ağır cinayətlərlə mübarizə aparmaq ehtiyacı ilə necə uzlaşdırmaq barədə müzakirələr davam edir və bu, yalnız İsveçə xas deyil. Oxşar məsələlər əvvəllər digər Avropa ölkələrində də qaldırılıb.

Избранный
73
3
azertag.az

4Источники