RU

Avropada Visa və Mastercard-dan asılılığın azaldılmasına ÇAĞIRIŞ EDİLİB

Avropa İttifaqı ABŞ-ın Visa və Mastercard ödəniş sistemlərindən asılılığını təcili şəkildə azaltmalıdır. Çünki bu sistemlərin bazarda üstün mövqeyi transatlantik münasibətlər pisləşdiyi halda təzyiq alətinə çevrilə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" nəşri Avropa Ödəniş Təşəbbüsünün (EPI) rəhbəri Martina Vaymertə istinadla məlumat yayıb.

Onun sözlərinə görə, Avropa İttifaqı beynəlxalq ödəniş həllərindən kəskin dərəcədə asılı vəziyyətdədir. Ayrı-ayrı ölkələrdə milli ödəniş sistemləri mövcud olsa da, Aİ-də hələ də vahid və transsərhəd alternativ formalaşdırılmayıb.

Vaymert vurğulayıb ki, bu cür asılılıq geosiyasi qeyri-sabitlik şəraitində ciddi risklər yaradır.

Avropa Mərkəzi Bankının (AMB) məlumatına əsasən, 2022-ci ildə avrozonada həyata keçirilən bütün əməliyyatların təxminən üçdə ikisi Visa və Mastercard sistemlərinin payına düşüb. Eyni zamanda, Aİ-yə üzv 13 ölkədə bu sistemlərə milli alternativlər ümumiyyətlə mövcud deyil, alternativlərin olduğu ölkələrdə isə onlardan istifadə azalır.

İtaliyanın keçmiş baş naziri və Avropa Mərkəzi Bankının sabiq rəhbəri Mario Draqi bildirib ki, dərin iqtisadi inteqrasiya istismar oluna bilən asılılıqların formalaşmasına gətirib çıxarıb. Onun sözlərinə görə, əvvəllər qarşılıqlı asılılıq çəkindirici amil hesab edilsə də, hazırda bu faktor təsir və nəzarət mexanizminə çevrilib.

Qeyd edək ki, BNP Paribas və Deutsche Bank kimi iri bankları birləşdirən EPI artıq 2024-cü ildə Apple Pay-ə Avropa alternativi olan “Wero” ödəniş sistemini istifadəyə verib. Hazırda bu sistemin Belçika, Fransa və Almaniyada təxminən 48,5 milyon istifadəçisi var. 2027-ci ilədək Wero-nun digər ölkələrdə də genişləndirilməsi planlaşdırılır.

Paralel olaraq, Avropa Mərkəzi Bankı rəqəmsal avro layihəsini irəli aparır. Bu layihə Aİ-nin maliyyə suverenliyini gücləndirməyi hədəfləyir. Planlara əsasən, 2029-cu ildən etibarən rəqəmsal avro avrozonada həm fiziki mağazalarda, həm də onlayn ödənişlərdə qəbul olunacaq. Avropa Parlamentinin iqtisadi və valyuta məsələləri üzrə komitəsinin rəhbəri Avrora Lalük hesab edir ki, rəqəmsal valyuta zamanla Visa və Mastercard-ın Avropa analoquna çevrilə bilər.

Bununla belə, Martina Vaymert geosiyasi gərginliyin artacağı təqdirdə rəqəmsal avronun həddən artıq gec tətbiq olunacağı ilə bağlı narahatlığını ifadə edib.

Избранный
37
ikisahil.az

1Источники