Xaricdən alınan mallar hansı hallarda gecikə bilər?
Globalinfo.az-a danışan hüquqşünas Əlövsət Allahverdiyev deyib ki, hazırda çoxsaylı vətəndaşlar bu problemdən ciddi narahatlıq keçirirlər:
"Gömrük Məcəlləsinə əsasən, xaricdən alınan malların, o cümlədən poçt, karqo və e-ticarət bağlamalarının gömrükdə gecikdirilməsi mümkündür. Bu gecikmə gömrük nəzarəti, sənədlərin yoxlanılması, ödəniş və ya buraxılış şərtləri tam yerinə yetirilənədək davam edə bilər. Bu proses qanuni əsas kimi qəbul olunur. Gömrük bəyannaməsi ilə birlikdə tələb olunan sənədlər, yəni invoys yaxud çek, çatdırılma xərci, məhsulun təsviri və digər məlumatlar təqdim edilməlidir. Bəyannamədə məlumatların düzgün olmadığı müəyyən edilərsə, gömrük orqanı düzəliş tələb edir və buraxılış yalnız həmin düzəlişlər, müvafiq ödənişlər həyata keçirildikdən sonra mümkün olur. Vətəndaşlar bu məqama xüsusi diqqət etməli və tələb olunanları düzgün qeyd etməlidirlər ki, bu kimi xoşagəlməz hallar yaşanmasın".
Hüquqşünasın sözlərinə görə, Gömrük Məcəlləsinin 160.1-ci maddəsinə əsasən, gömrük rəsmiləşdirilməsi zamanı sənədlərlə mallara dair məlumatların uyğunluğu iki günədək yoxlanılır:
"Mallar ad və növlər üzrə ayrılmadıqda, eləcə də bu hal yoxlamanı çətinləşdirdikdə, 160.3-cü maddəyə uyğun olaraq gömrük orqanının qərarı ilə həmin müddət uzadıla bilər. Lakin uzadılma müddəti yeddi gündən artıq olmamalıdır. Əgər qeyd olunan müddətlər aşılır və vətəndaşlara bu barədə hər hansı məlumat verilmirsə, gömrük orqanına rəsmi müraciət edilməlidir. Müraciətdə bağlamanın hansı statusda saxlanıldığı, yəni müvəqqəti saxlancda olub-olmadığı və ya əlavə yoxlamaya cəlb edildiyi göstərilməlidir. Həmçinin bağlamanın hansı hüquqi əsasla saxlanıldığı, sənədlərdə aşkar edilən uyğunsuzluqlar və tələb olunan əlavə məlumatlar dəqiqləşdirilməlidir. Eyni zamanda buraxılışa mane olan qərar və ya hərəkətsizliyin mahiyyəti, bu müddətin nə vaxt başa çatdığı qeyd olunmalıdır. Müraciətlərin operativ araşdırılması üçün DGK-nın E-xidmətlər portalına müraciət edilməsi məqsədəuyğundur. Eyni zamanda vətəndaşlar qurumun 195 saylı qaynar xətti vasitəsilə də məlumat ala bilərlər".