JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

Azərbaycanda bələdiyyələrdəki qanun pozuntuları ilə bağlı bir neçə vəzifəli şəxsə qarşı cinayət işi başladılıb.

Oxu.Az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, aparılmış müxtəlif dövrləri əhatə edən araşdırmalar zamanı cinayət əlamətləri aşkar edilərək toplanmış sənədlər 62 halda hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib. Həmin materiallardan 14-ü üzrə cinayət işi başlanılıb, 17-si üzrə qanun pozuntularının aradan qaldırılması barədə təqdimatlar verilib, 31-i üzrə isə araşdırma yekunlaşıb.

Belə ki, aşağıda qeyd olunan bələdiyyələr üzrə cinayət işi başlanılıb:

Abşeron rayonu Fatmayı bələdiyyəsinin fəaliyyəti araşdırılmış və bələdiyyənin vəzifəli şəxsi tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə nəticəsində bələdiyyənin və cəmiyyətin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulması faktı üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə;

Qusar rayonu Quxuroba bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsinin ayrılması ilə bağlı qanunsuz sənəd tərtib olunması və bilə-bilə saxta sənədlərdən istifadə edilməsi faktı üzrə Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə;

Saatlı rayonu Sarıcalı bələdiyyəsinin sədri tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq etməsi faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq) maddəsi ilə;

Biləsuvar rayonu keçmiş Aşağı Cürəli-Muğan bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin ayrılması barədə qərarlar tərtib edilməsi, yerli büdcə vəsaitlərinin mənimsənilməsi və bələdiyyə əmlaklarının israf edilməsi faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 179.2.3-cü, 179.2.4-cü (mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə;

Xaçmaz rayonu Mürşüdoba bələdiyyəsinin vəzifəli şəxsi tərəfindən yerli büdcə vəsaitlərinin mənimsənilməsi və bələdiyyənin mülkiyyətinə aid torpaq sahəsinin ayrılması ilə bağlı qanunsuz sənəd tərtib olunması faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü (dələduzluq) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə;

Tovuz rayonu Böyük Qışlaq bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən bələdiyyənin adından saxta qərarlar tərtib edilməsi faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci (rüşvətalma (passiv rüşvətxorluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX