Ali Məhkəmə "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" yeni Plenum qərarı qəbul edib və məhkəmə təcrübəsinə bir sıra yeniliklər gətirib.
Bu barədə Publika.az-a məhkəmədən məlumat verilib.
Bildirilib ki, əvvəllər bir şəxs digər şəxsə qarşı yalan məlumatlar yaydığı halda şərəf və ləyaqətin müdafiəsi institutundan istifadə etməklə tələblər irəli sürülüb, məlumatın həqiqi olduğu ortaya çıxdıqda isə iddialar təmin olunmayıb. Halbuki, şəxsin barəsində doğru məlumatların öz razılığı olmadan yayılması da qanun pozuntusudur.
Bu hal konstitusion səviyyədə qorunan şəxsi toxunulmazlıq hüququna müdaxilədir və bu hüququ pozulan hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola, həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini, belə məlumatların çıxarılmasını (ləğv edilməsi), ona dəymiş mənəvi zərərin ödənilməsini və s. tələb edə bilər.
Ali Məhkəmə yeni qərarı ilə bu hüququ şərəf və ləyaqətin müdafiəsi hüququndan fərqləndirib və xüsusi olaraq qeyd edib ki, şəxsi toxunulmazlıq hüququ konstitusion mənada şəxsi və ailə həyatının məxfiliyinin qorunmasını nəzərdə tutmaqla, hər bir şəxsin şəxsi və ailə həyatına hörmət edilməsinə, onun cəmiyyətdə özünü rahat və təhlükəsiz hiss etməsinə xidmət edir.