Rusiya Avropaya qarşı hər hansı hücum planı daşımır, lakin Avropadan gələn mümkün hərbi təhdidlərə adekvat cavab verməyə hazırdır. Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov NTV televiziya kanalına müsahibəsində bildirib.
Lavrovun sözlərinə görə, Rusiyanın Avropanın hər hansı bir hissəsinə hücum etməsi üçün heç bir səbəbi yoxdur. O qeyd edib ki, Rusiya tərəfi müharibə tərəfdarı deyil, lakin Avropa ölkələri Rusiyaya qarşı hərbi addımlar atacağı təqdirdə Moskva buna cavabsız qalmayacaq.
“Biz Avropanın heç bir hissəsinə hücum etməyəcəyik. Bunun üçün heç bir əsas yoxdur. Əgər Avropa Rusiyaya qarşı müharibəyə hazırlaşmaq üçün səsləndirdiyi təhdidləri həyata keçirməyi və hücuma başlamağı seçərsə, bu halda cavabımız xüsusi hərbi əməliyyat formatında olmayacaq. Doktrinal sənədlərə uyğun olaraq bütün mövcud hərbi vasitələrdən istifadə etməklə tammiqyaslı cavab veriləcək”, – deyə Lavrov bildirib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin də 2025-ci ilin dekabr ayının sonlarında ilin yekunlarına həsr olunmuş mətbuat konfransında oxşar mövqe ifadə etmişdi. O, Rusiyanın Qərblə birbaşa müharibə aparmadığını, lakin Ukrayna millətçiləri vasitəsilə Qərbin Rusiyaya qarşı mübarizə apardığını vurğulamışdı.
Putin daha əvvəl də Rusiyanın heç vaxt Avropaya qarşı müharibə aparmaq niyyətində olmadığını bəyan etmişdi. Bununla yanaşı, o xəbərdarlıq edib ki, Avropa Rusiyaya qarşı hərbi qarşıdurmaya başlamaq qərarı verərsə, Moskvanın dərhal və sərt cavab verməyə hazır olacağına şübhə yoxdur.