RU

Əfsanəvi rolu ilə yadda qaldı, nadir xəstəliyi vardı “Kevinin anası” kim idi? VİDEO

ain.az, Olke.az saytına istinadən bildirir.

1990-cı illərin məşhur "Evdə Tək" film seriyasındakı rolu ilə dünya şöhrəti qazanan kanadalı aktrisa Ketrin O'Hara ötən həftə 71 yaşında vəfat etdi. Onun ölümü kino dünyasında və pərəstişkarları arasında böyük kədərə səbəb oldu.

Ölkə.az bu dəfə aktrisa Ketrin O'Hara  haqqında maraqlı faktları təqdim edir:

O'Hara 4 mart 1954-cü ildə Kanadanın Toronto şəhərində irland əsilli bir ailədə anadan olub. Onun tam adı Ketrin O'Hara Annedir. Bacısı Meri Marqaret O'Hara müğənnidir. O, Torontodakı Burnhamthorpe (Börnəmtorp ) Liseyində oxuyub. 1974-cü ildə məzun olduqdan sonra "The Second City" teatr qrupu ilə işləməyə başlayıb.

Burada başlayan macəra onu dünya miqyasında bir ulduza çevirəcək mərhələlərə apardı.

Aktrisa 1990-cı illərin unudulmaz ekran işləri arasında yer alan “Evdə Tək” (“Home Alone”) filmində Kevinin anası Keyt rolu ilə kinoda istedadını sübut etdi. Hava limanında Kevini unutduğunu anlayıb “Kevin!” deyə qışqırdığı səhnə, kino tarixinin ən ikonlaşmış anlarından biri kimi yadda qaldı.

Ketrin O'Hara  həmçinin “Şitt körfəzi” (“Schitt's Creek”) serialındakı “Moyra Rouz” rolu ilə böyük uğur qazanaraq 2020-ci ildə “Emmi” mükafatına layiq görülüb. Onun zəngin karyerasına “Beetlejuice”, “Best in Show” və “A Mighty Wind” kimi ikonik filmlər daxildir.

Aktrisanın son işi “The Studio” serialı olub və o, bu rolu ilə də “Emmi”yə namizəd göstərilib. 

O’Hara karyerası boyunca ən yaxın dostu və iş ortağı Eugene Levy ilə bir çox layihədə bir araya gəlib. Onların ekran uyğunluğu komediya dünyasında “qızıl standart” kimi qəbul edilirdi. O’Hara təkcə aktrisa deyil, eyni zamanda qələminə etibar edilən uğurlu bir ssenarist və səsləndirmə sənətçisi idi.

Ketrin O'Haranın ölümündən əvvəl 911-ə zəng etdiyi bildirilir. Onun bu ilin 30 yanvarında ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi qeyd edilib. Məlumata görə, səhər saat 4:48-də (yerli vaxtla) Ketrinin Los-Ancelesdəki evində yaşayan 70 yaşlı bir qadın təcili yardım xidmətlərinə zəng edib. O, xəstəxanaya aparılıb, lakin aktrisanı həyata qaytarmaq mümkün olmayıb.

"The Daily Mail" qəzeti aktrisanın nadir xəstəlikdən əziyyət çəkdiyini bildirib. Aktrisa sonuncu dəfə 2025-ci ilin sentyabr ayında "Emmi" mükafatlandırma mərasimində ictimaiyyət qarşısına çıxıb. Mətbuat onun "olduqca arıq" göründüyünü qeyd edib.

O’Hara daha əvvəl situs inversus diaqnozu ilə mübarizə aparırdı. Bu, insanların böyük əksəriyyətindən fərqli olaraq ürək və daxili orqanların bədəndə əks istiqamətdə yerləşdiyi nadir anadangəlmə xəstəlikdir.

"Mən Qərb təbabətini sevirəm, amma onun bir hissəsi olmaq istəmirəm", aktrisa bir müsahibəsində deyib. 

Mərhum sənətçinin agentliyi olan "Creative Artists Agency"nin nümayəndələrinin sözlərinə görə, aktrisa qısa müddətli xəstəlikdən sonra dünyasını dəyişib. Ölümün rəsmi səbəbi hələ açıqlanmayıb.

Ketrin O'Hara 25 aprel 1992-ci ildə rejissor Bo Uelçlə evlənib. Onların Metyu Uelç (1994-cü il təvəllüdlü) və Lyuk Uelç (1997-ci il təvəllüdlü) adlı iki oğlu var.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
1
olke.az

2Источники