RU

BDYPİ: Zolaqlar üzrə nizamlı hərəkət yol mədəniyyətinin göstəricisidir

Bakı, 9 fevral, AZƏRTAC

Yol hərəkəti qaydalarına əməl etmək hər bir sürücünün əsas vəzifəsidir. Xüsusilə, hərəkət zolaqlarının düzgün seçilməsi, zolaqlar üzrə nizamlı davranış sürücü mədəniyyətinin vacib göstəricisidir. Yolun zolaqlara bölünməsi hərəkətin tənzimlənməsinə, axıcılığın təmin olunmasına, istiqamətlərin aydın müəyyənləşdirilməsinə və ən əsası yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına xidmət edir. Təəssüf ki, bəzi sürücülər intizamsız davranaraq nişanlanma xətlərinin tələblərinə məhəl qoymur, digər nəqliyyat vasitələrini nəzərə almadan, tez-tez zolaq dəyişir, lüzumsuz manevrlər edirlər. Nəticədə yollarda qarışıqlıq, süni sıxlıq yaranır və qəza riski əhəmiyyətli dərəcədə artır.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatında deyilir.

“Unutmayaq ki, zolaqlar üzrə intizamlı hərəkət yol mədəniyyətinin, qaydalara hörmətin və digər hərəkət iştirakçılarına qarşı məsuliyyətin göstəricisidir. Bir daha sürücülərə müraciət edərək xatırladırıq ki, hərəkət zolaqlarını dəyişmək yalnız qaydalar çərçivəsində və mütləq dönmə siqnalı verilməklə həyata keçirilməlidir. Hər kəs məsuliyyətli davranarsa, yollarımız daha təhlükəsiz, hərəkət isə daha rahat və səmərəli olar”,- deyə məlumatda bildirilir.

 

Избранный
16
7
azertag.az

9Источники