RU

"Bu, İrəvan və Bakıya açıq mesajdır: ABŞ regionu yenidən Rusiya–İran təsir dairəsinə tərk etmək niyyətində deyil...”

“Paşinyanın qarşıdan gələn seçkilərdən necə çıxacağı məsələsi ətrafında fikir mübadiləsinin aparılacağı şübhəsizdir...”
 
“ABŞ vitse-prezidentinin əvvəlcə Irəvana, ardınca isə Bakıya səfəri Vaşinqtonun Cənubi Qafqazda diplomatik aktivliyini artırmaq cəhdi kimi qiymətləndirilə bilər. Bu səfərin əsas məqsədi regionda post-münaqişə dövründə yaranmış qeyri-sabitliyi nəzarətdə saxlamaq və tərəflər arasında avqust razılaşmasının reallaşmasına çalışmaqdır. Bununla Vaşinqton öz uzunmüddətli maraqlarını həyata keçirməyə çalışır. Bildiyimiz kimi, regionda Rusiya və İranın xeyrinə olmayan yeni geo-siyasi reallıqlar formalaşıb. Bu prosesdə Vaşinqtonun da müəyyən rolu var. Əsas məsələ isə ABŞ-ın bölgədə oynamağa çalışdığı funksional rollardır.”
 
 ABŞ-da yaşayan həmyerlimiz, Şimali Karolina Universitetinin sülh və münaqişə tədqiqatları professoru, sülh fəalı Dr. Əli Əskərli Bu fikirləri Moderator.az-a açıqlamasında “Bu gün- fevralın 9-da ABŞ vitse-prezidenti Ci Dey Vensin Ermənistana, ardınca isə Bakıya səfəri gözlənilir. Sizcə, bu səfərlərin əsas məqsədləri nədir və Amerikanın yüksək çinli məmurunun bu turnesi Azərbaycan, ümumiyyətlə, region üçün müsbət nə verə bilər?” sualını cavablandırarkən ifadə edib.
 
“ABŞ son illərdə birbaşa təhlükəsizlik təminatçısı rolundan daha çox, siyasi-diplomatik balans yaradan aktor kimi çıxış edir. Bu baxımdan səfər həm İrəvana, həm də Bakıya ünvanlanan açıq mesajdır: Vaşinqton regionu yenidən Rusiya–İran təsir dairəsinə tərk etmək niyyətində deyil. Xüsusilə Ukrayna müharibəsi fonunda Rusiyanın Cənubi Qafqazda əvvəlki manevr imkanlarını itirdiyi bir dövrdə ABŞ bu boşluğu müxtəlif vasitələrlə doldurmağa çalışır. Hazırda bunun diplomatik müstəvidə baş verdiyini müşahidə edirik. ABŞ-ın gələcək planları isə daha mürəkkəb və çoxşaxəlidir”, - siyasətşünas alim davamında belə deyib.
 
Həmsöhbətimizin sözlərinə görə, Bakıda aparılacaq danışıqlarda enerji təhlükəsizliyi və nəqliyyat marşrutlarının əsas müzakirə mövzuları olacağı gözlənilir: 
 
“Azərbaycan Avropa üçün alternativ enerji mənbəyi kimi strateji əhəmiyyətini qoruyur və ABŞ bu xəttin davamlılığında maraqlıdır. Ermənistan səfəri isə daha çox təhlükəsizlik asılılıqlarının diversifikasiyası və ABŞ-la siyasi yaxınlaşma kontekstində dəyərləndirilməlidir. Paşinyanın qarşıdan gələn seçkilərdən necə çıxacağı məsələsi ətrafında fikir mübadiləsinin aparılacağı şübhəsizdir. ABŞ-ın 8 avqust razılaşmasının həyata keçirilməsi üçün ehtiyac duyduğu əsas şərtlərdən biri də Paşinyanın hakimiyyətdə qalmasıdır. Vaşinqton Ermənistanda Rusiya yönlü bir iqtidarın formalaşmasını istəmir.”
 
 
Əli Əskərli hesab edir ki, ABŞ vitse-prezidentinin bu səfərindən radikal geo-siyasi dəyişikliklər gözləmək real deyil. 
 
“ABŞ-ın region üçün təklif etdiyi model daha çox risklərin idarə olunmasına, dialoqun açıq saxlanmasına, status-kvonun nəzarətdən çıxmamasına və regional əməkdaşlığın artırılmasına yönəlib. Qeyd etmək lazımdır ki, yaxın gələcəkdə sülh sazişinin imzalanması və ya yeni təhlükəsizlik arxitekturasının formalaşması ehtimalı zəifdir. Bununla belə, diplomatik aktivliyin artması region üçün müsbət siqnal kimi qiymətləndirilə bilər”, - deyə alim vurğulayıb.
 
Sultan Laçın
 
Избранный
31
1
moderator.az

2Источники