RU

“Bahalı məktəblər valideyn psixologiyasında təhlükəsizlik illüziyası yaradır” - AÇIQLAMA

““İdrak” liseyində baş verən hadisələr və aparılan araşdırmalar, özəl liseylərdə göstərilən xidmətlər və yüksək təhsil haqları məsələsini yenidən gündəmə gətirib. Azərbaycanda təhsil almaq üçün kifayət qədər dövlət və özəl məktəblər var. Dövlət məktəblərində təhsil ödənişsizdir. Ödənişli təhsil verən lisey və məktəblərdə isə qiymətlər məktəbdəki tədris müddəti, dərs vəsaitlərinə, qidalanma, müəllimin yerli və ya xarici olmasına görə fərqlənir. Bütün bunların fonunda liseydəki qiymətlər “əl yandırır” desək yanılmarıq. Tədris müəssisələrin böyük əksəriyyətinin təyin etdiyi məbləğ isə 3-18 min AZN aralığında dəyişir. Yuxarı siniflərdə və xarici bölmələrdə isə təhsil haqqı daha yüksəkdir. Maraqlısı budur ki, yüksək qiymətə təhsil verən bu növ liseylərdən gələn şikayətlər də az deyil. Bir çox valideyn dərslərin keyfiyyətsiz keçirilməsindən və ödəniş qarşılığında şagirdin əlavə hazırlığa ehtiyac duymasından narazılıq edir.

 

Bəs keçirilən təhsil verilən yüksək məbləğlərə dəyirmi?

 

Pravda.az-a açıqlama verən təhsil eksperti Səbuhi Abdullayevin sözlərinə görə, valideynlərin liseylərə üz tutmasının əsas səbəblərindən biri məktəblərdə şagird sıxlığının olmasıdır:

Kişi

“Məktəblərdə tədris olunan siniflərdə bəzən şagird sayı normadan çox olur. Bu da şagirdin təhsil, təlim-tərbiyə almasına kifayət qədər maneə olur. Bu səbəbdən birbaşa liseylərə üz tuturlar. Təbii ki, burada verilən təhsilin də rolu böyükdür. Əsasən də xarici dilli olan tədris proqramını mənimsəyirlər. Bu, ingilis, fransız və başqa dillərdə ola bilir. Eyni zamanda Azərbaycan bölməsində təhsil alan şagirdlərimiz də daha fərqli proqramla daha interaktiv üsulla dərs keçdiklərini xüsusi olaraq vurğulayırlar. Bu da valideynlərin diqqətini cəlb edir. Burada xüsusən yuxarı siniflərdən ali məktəblərə hazırlaşmaq prosesləri başlanılır. Qiymətlərin isə çox olmasının səbəbi tələb və təklifə görədir. Özəl liseylər ümumtəhsil məktəbləri içərisində cəmi 2 faizi təşkil etdiyinə görə bu, müqayisədə kifayət qədər azdır. Elm və Təhsil Nazirliyinin tabeliyində olan liseylərin artıq 5-ci deyil, 7-ci sinifdən şagirdləri qəbuletmə məsələsini nəzərə alsaq, həmin özəl liseylərə maraq daha da artır. Təbii ki, aralarında daha yaxşı təhsil verən, yüksək nəticə göstərənlər var. Amma əksəriyyəti nəticə göstərə bilmir”.

 

Psixoloq Zeynəb Eyyubova deyib ki, son illər cəmiyyətdə bahalı özəl liseylərə maraq ciddi şəkildə artıb:

“Bütün

“Bir çox valideyn övladının daha yaxşı təhsil alması üçün yüksək məbləğlər ödəməyə razıdır. Ümumiyyətlə, cəmiyyətdə belə bir düşüncə formalaşıb ki, qiymət nə qədər bahalıdırsa, təhsil də bir o qədər keyfiyyətlidir. Psixoloji baxımdan bu meylin arxasında təkcə təhsil istəyi dayanmır. Valideyn davranışlarına daha dərindən baxdıqda görürük ki, burada qorxu, müqayisə və özünü isbat ehtiyacı mühüm rol oynayır. Müasir valideyn daima “geri qalmamaq” qorxusu ilə yaşayır. Ətraf mühit, sosial şəbəkələr, tanış çevrəsi valideyni daim müqayisəyə sürükləyir. Başqalarının övladını bahalı liseyə qoyduğunu görən valideyn öz seçimindən şübhələnməyə başlayır və düşünür ki, övladı adi məktəbdə oxuyarsa, gələcəkdə nəsə əskik qalacaq. Bahalı məktəblər valideyn psixologiyasında təhlükəsizlik illüziyası yaradır. İnsan beyni çox vaxt yüksək qiyməti keyfiyyətlə eyniləşdirir. Valideyn elə hiss edir ki, çox pul ödəməklə övladının gələcəyini sığortalayır. Bu isə çox zaman obyektiv göstəricilərə yox, emosional rahatlama ehtiyacına xidmət edir. Valideyn öz vicdanını sakitləşdirir və “mən əlimdən gələni etdim” düşüncəsi ilə daxili rahatlıq tapır”.

 

Z.Eyyubova əlavə edib ki, təsir göstərən digər mühüm psixoloji faktor sosial status ehtiyacıdır: ““Uşağım filan liseydə oxuyur” cümləsi bəzən sadəcə informasiya yox, sosial mesaj xarakteri daşıyır. Bu mesaj valideynin cəmiyyətdə özünü dəyərli, uğurlu və məsuliyyətli valideyn kimi göstərmək ehtiyacından qaynaqlanır. Burada artıq uşağın real ehtiyacları ikinci plana keçə bilir. Təhsil vasitə yox, valideynin özünü isbat alətinə çevrilir. Bəzi hallarda isə bahalı təhsil valideynin günahkarlıq hissini kompensasiya etmək üçün istifadə olunur. Uşağı ilə kifayət qədər vaxt keçirə bilməyən, emosional yaxınlıq qura bilmədiyini hiss edən valideyn bunu maddi imkanlarla tarazlamağa çalışır. Pul sevgi və diqqətin yerini tutan psixoloji mexanizmə çevrilir. “Elit mühit”, “lider yetişdiririk”, “xaricə qəbul zəmanəti” kimi ifadələr valideynin qorxularına və ambisiyalarına xitab edir. Nəticədə valideyn təhsilin real məzmunundan çox vədlərə investisiya edir. Bu prosesin uşaqlar üzərində də ciddi psixoloji təsirləri olur. Bahalı liseydə oxuyan uşaq üzərində böyük gözlənti təzyiqi formalaşır. Uşaq hiss edir ki, onun üçün çox pul xərclənib və o, bu xərci doğrultmalıdır. Bu isə səhv etmək qorxusu, perfeksionizm, özünü yalnız nəticələrlə dəyərləndirmə kimi problemlərə yol açır. Uzunmüddətli perspektivdə bu uşaqlarda stress, daxili gərginlik və özünə inamsızlıq yarada bilər. Psixoloji baxımdan sağlam yanaşma odur ki, məktəb uşağın şəxsiyyətinə, temperamentinə və ehtiyaclarına uyğun seçilsin. Təhsilin dəyəri yanlız ödəniş məbləği ilə yox, uşağın orada özünü nə qədər təhlükəsiz, dəyərli və rahat hiss etməsi ilə ölçülməlidir. Unutmamalıyıq ki, bahalı məktəb avtomatik olaraq uğurlu insan demək deyil. Sağlam psixologiya, balanslı valideyn gözləntiləri və emosional dəstək ən bahalı liseydən daha güclü təsirə malikdir”.

 

Şəhanə Quliyeva

Tarix: 9 Fevral 2026, 08:16   
Избранный
27
pravda.az

1Источники