RU

Honkonqlu media maqnatı Lay üsyana çağırış ittihamı ilə 20 il həbs cəzasına məhkum edilib

Məhkəmə onu xarici qüvvələrlə əlbir olmaqda və Çin hakimiyyətinə qarşı qiyama təhrik edən materiallar yaymaqda təqsirli bilib...

Poliqon xəbər verir ki, Honkonq məhkəməsi tanınmış media maqnatı Cimmi Layı 20 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə onu xarici qüvvələrlə əlbir olaraq Çin Kommunist Partiyasının devrilməsinə cəhd göstərməkdə, eləcə də Çin hakimiyyətinə qarşı üsyana çağıran materialların dərcində günahkar sayıb.

Reuters agentliyinin məlumatına görə, bağlanmış “Apple Daily” qəzetinin altı keçmiş əməkdaşı da 6 ildən 10 ilə qədər həbs cəzalarına məhkum olunub. Hökm oxunarkən hakimlər xarici qüvvələrlə əməkdaşlığı “yaxşı planlaşdırılmış” və “qəsdən həyata keçirilmiş” fəaliyyət kimi qiymətləndiriblər.

Yanvarın 13-də keçirilən məhkəmə çıxışlarında müdafiə tərəfi Honkonq məhkəməsindən daha yüngül cəza verilməsini xahiş edib. Hakim Aleks Li isə bildirmişdi ki, milli təhlükəsizlik haqqında qanuna əsasən, bu cür cinayətlərə görə Cimmi Lay üçün cəza 10 ildən ömürlük həbsə qədər dəyişə bilər. Media maqnatı ittihamları qəbul etməyib və özünü təqsirli bilmədiyini bəyan edib.

Hazırda 78 yaşında olan Cimmi Lay 2020-ci ilin avqustunda Honkonqda 2019-cu ildə baş vermiş kütləvi anti-hökumət etirazlarından sonra Çində qəbul edilən milli təhlükəsizlik qanununu pozmaq ittihamı ilə saxlanılıb. Son illər ərzində o, bir sıra daha yüngül cinayətlərə görə artıq bir neçə dəfə məhkum edilib.

2023-cü ilin dekabrından etibarən andlı iclasçılar olmadan üç hakim tərəfindən aparılan məhkəmə prosesi ABŞ, Avropa İttifaqı ölkələri və Böyük Britaniyada yaxından izlənilib. Qeyd olunur ki, Honkonq Böyük Britaniyanın suverenliyindən çıxsa da, Cimmi Lay hələ də Böyük Britaniya təbəəliyini saxlayır. 2025-ci ilin oktyabr ayının ortalarında Cənubi Koreyada keçirilən görüş zamanı ABŞ prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpindən Cimmi Layı azad etməyi xahiş etsə də, bu müraciət cavabsız qalıb.

Poliqon.info

Избранный
31
poliqon.info

1Источники