RU

Suriyanın İdlib əyalətində 14 düşərgə su altında qalıb: 500-ə yaxın ailə təhlükədədir

BAKI, 9 fevral. TELEQRAF

Suriyanın şimal-qərbində yerləşən İdlib əyalətində bir neçə gün davam edən güclü yağışlardan sonra məcburi köçkünlər üçün nəzərdə tutulmuş azı 14 düşərgə su altında qalıb.

Teleqraf xəbər verir ki, bu barədə "North Press" agentliyinin yaydığı məlumatda, ölkənin mülki müdafiə xidmətinin bəyanatına istinad edilib.

Bəyanatda bildirilir ki, mövsümi su axarının yatağı boyunca, Hirbet əl-Couz bölgəsində yerləşən düşərgələrdə daşqın ciddi fəsadlar törədib. Çadırlar su altında qalıb, insanların əmlakı yararsız hala düşüb, təxminən 500 ailə təhlükə ilə üz-üzə qalıb.

Məlumata görə, hakimiyyət orqanları zərərçəkənlərin xilas edilməsi üçün əməliyyata başlayıb. Yaşayış yerlərini itirən qaçqınlar təxliyə edilərək şəhər və kəndlərdə yerləşən məktəblərdə müvəqqəti yerləşdirilirlər. Həmçinin İdlibə qonşu əyalətlərdən mülki müdafiə dəstələri və səyyar tibbi məntəqələr göndərilib.

Qeyd edək ki, Suriyanın şimal-qərbində təxminən 1 milyon məcburi köçkün yaşayır. Onlar ümumilikdə 1150 düşərgədə yerləşdirilib ki, bunların 801-i İdlibin kənd rayonlarında, 349-u isə Hələb ətrafındadır.

Избранный
74
teleqraf.com

1Источники