RU

Serbiyanın Ədliyyə Nazirliyi Aİ-nin təzyiqi iddialarını rədd edib

Serbiyanın Ədliyyə Nazirliyi bazar günü Avropa İttifaqı rəsmilərinin prokurorlar və məhkəmə islahatları ilə bağlı son qərarlara görə ədliyyə naziri Nenad Vujiçə təzyiq göstərdiyi iddialarını təkzib edib.

"Report"un Balkan bürosu xəbər verir ki, nazirliyin bəyanatında "Brüsseldən hər hansı razılaşmalar və ya təzyiqlər" barədə səsləndirilən iddiaların "yanlış və əsassız" olduğu bildirilib.

Qeyd olunub ki, qurumun fəaliyyəti hüququn aliliyinin möhkəmləndirilməsi məqsədilə konstitusion və qanuni səlahiyyətlər çərçivəsində həyata keçirilir.

Vurğulanıb ki, Serbiyanın Ali Prokurorlar Şurasının üzvü olan N.Vujiç Brüsseldə Aİ rəsmiləri ilə görüşlərdən əvvəl dövlət prokurorlarının təyinatı məsələsi üzrə müzakirələrə başlayıb və bunu vaxtında institusional addımlar atılmasını tələb edən yeni hüquqi müddəalarla əsaslandırıb.

Qeyd edək ki, bir müddət əvvəl Serbiyada məhkəmə-hüquq qanunlar paketi qəbul edilib və həmin qanunlar ixtisaslaşmış qurumlara müvəqqəti təyin olunmuş prokurorların öz əvvəlki vəzifələrinə qayıtmasını nəzərdə tutur. Bu hadisədən sonra Avropa Komissiyası Serbiya rəhbərliyinə sözügednən qanunlar paketinin icrasını dayandırmaqla bağlı çağırış edib.

Hüquq ekspertləri xəbərdarlıq ediblər ki, məhkəmə-hüquq qanunlarının icrası Mütəşəkkil Cinayətkarlıq üzrə Prokurorluqda cəmi doqquz daimi prokurorun qalmasına səbəb ola və iri cinayət işləri üzrə istintaqları zəiflədə bilər.

Избранный
69
far.az

1Источники