BAKI, 9 fevral. TELEQRAF
İranın uranın zənginləşdirilməsi hüququnun tanınması ABŞ ilə nüvə danışıqlarının uğuru üçün əsas şərtdir.
Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Reuters" agentliyinə açıqlamasında bildirib.
Məlumata görə, cümə günü Oman vasitəçiliyi ilə ABŞ və İran diplomatları dolayı danışıqlar aparıblar. Məqsəd ABŞ-nin İran yaxınlığında hərbi-dəniz qüvvələrini gücləndirməsi və Tehranın mümkün hücuma sərt cavab verəcəyi barədə bəyanatları fonunda diplomatiyanı bərpa etməkdir.
Əraqçi vurğulayıb ki, sıfır zənginləşdirmə İran üçün qəbulolunan deyil: “Biz müzakirələri elə qurmalıyıq ki, İran ərazisində zənginləşdirmə qəbul edilsin və eyni zamanda bunun yalnız dinc məqsədlər üçün olduğu və belə də qalacağı barədə etimad yaradılsın”.
Xatırladılır ki, ötən il İran və ABŞ arasında nüvə mövzusunda beş raund danışıqlar keçirilsə də, əsasən İran daxilində uranın zənginləşdirilməsi məsələsi ilə bağlı fikir ayrılıqlarına görə proses dayanıb. İyun ayında isə ABŞ 12 gün davam edən İsrail hava zərbələrindən sonra İranın nüvə obyektlərinə zərbələr endirib. Tehran bundan sonra zənginləşdirmə fəaliyyətini dayandırdığını bəyan edib. Vaşinqton bunu nüvə bombasına aparan mümkün yol kimi qiymətləndirir, İran isə nüvə proqramının yalnız dinc məqsədlər daşıdığını bildirir.
"Reuters"ə danışan, İran tərəfindən məlumatlandırılmış region diplomatı qeyd edib ki, Tehran zənginləşdirmənin “səviyyəsi və saflığı” (yəni uranın neçə faiz zənginləşdirilməsi) barədə müzakirələrə, eləcə də digər mexanizmlərə açıqdır. Lakin bunun şərti İran ərazisində zənginləşdirməyə icazə verilməsi və sanksiyaların yüngülləşdirilməsi, həmçinin hərbi gərginliyin azaldılmasıdır.
Əraqçi əlavə edib ki, İranın zənginləşdirmədə israrı təkcə texniki və ya iqtisadi məsələ deyil, bu, müstəqillik və ləyaqət istəyindən qaynaqlanır: “Heç kimin İran xalqına nəyə sahib olub-olmamalı olduğunu deməyə haqqı yoxdur”.
Nazir həmçinin bildirib ki, ABŞ-nin danışıqlara daxil etmək istədiyi İranın raket proqramı indiyədək müzakirə gündəminin bir hissəsi olmayıb.
İran Prezidenti Məsud Pezeşkian bazar günü paylaşımında ABŞ ilə danışıqları irəliyə doğru atılmış addım adlandırıb və Tehranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində hüquqlarına hörmət edilməsini istədiyini bildirib.
Əraqçinin sözlərinə görə, danışıqların növbəti raundunun tarixi və yeri Omanla məsləhətləşmələrdən sonra müəyyənləşdiriləcək və bu, mütləq Maskat (Omanın paytaxtı) olmaya bilər.