RU

Faiq Ələkbərli: Türk xalqlarının dirçəlişi maarifçilik cədidizmdən başlayıb

ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

7 fevral 2026-cı il tarixində Özbəkistanın Daşkənd şəhərindəki Dəqiq və İctimai Fənlər Universitetində (Aniq va İctimai Fanlar Universiteti) “Türk xalqlarının dilinin və mədəniyyətinin mənşəyi: tarixi ortaqlıq və müasir şərhlər” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilib. Həmin beynəlxalq elmi-praktiki konfransda iştirak edən AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri , fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli: “Türk xalqlarının maarifçilik-cədidizm: ənənə və müasirlik” mövzusunda baş paneldə əsas məruzəçı kimi çıxış edib.

Faiq Ələkbərli məruzəsində bildirib ki, Türk xalqlarının maarifçilik-cədidizm fəlsəfəsinin ilk mərhələsi olan klassik elmi-mədəni türkçülüyün yaranmasına başlıca səbəb XVII-XVIII əsrlərdən başlayaraq müsəlman dövlətlərinin, o cümlədən Osmanlı, Səfəvilər kimi Türk imperiyalarının, o cümlədən Türküstandakı Türk xanlıqlarının Avropa dövlətləri ilə müqayisədə elm, təhsil, texnoloji və başqa sahələrdə geri qalması, get-gedə tənəzzülə uğraması idi. Onun sözlərinə görə, XIX əsrdən etibarən Türk aydınları bundan çıxış yolu axtarmağa başlamış və belə nəticəyə gəlmişlər ki, tənəzzüldən qurtulmaq üçün yalnız Avropa mədəniyyətini, texnologiyasını təqlid yetərli ola bilməz:

“Bu baxımdan, onlar bir millət üçün vacib olan soykök, dil, mədəniyyət və tarix sahələrini tədqiq etməyə başlamış, bununla da yeni dövrdə Türkçülüyün ibtidasının, yəni klassik elmi-mədəni Türkçülüyün əsasını qoymuşlar. Klassik elmi-mədəni Türkçülüyün ilk nümayəndələri sistemli şəkildə deyil, daha çox parakəndə halda Türk dili, Türk ədəbiyyatı, Türk mədəniyyəti sahəsində müəyyən işlər görürdülər. Ancaq bütün Türk coğrafiyasında bir-birindən xəbərsiz, sistemsiz şəkildə yaranan elmi-mədəni türkçülük çox keçmədən ümumtürk mədəniyyətini, ədəbiyyatını, dilini, fəlsəfəsini araşdırmağı hədəfləmişdir. Bununla da, elmi-mədəni türkçülük zamanla Türk birliyi və yaxud da Turan birliyi ideyalarının ortaya çıxmasına səbəb olmuşdur”.

Beynəlxalq elmi-praktik konfransda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və digər dövlətlərin alimləri, tədqiqatçıları iştirak ediblər.

Dəqiq və İctimai Fənlər Universitetinin rektoru, professor Qalibcan Botirov azərbaycanlı alimə maraqlı və dərin məzmunlu məruzəsi üçün sertifikat və xüsusi hədiyyə təqdim edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
47
2
sherg.az

3Источники