Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”nın ilk tammiqyaslı sammitinin 19 fevralda Vaşinqtonda keçirilməsi planlaşdırılır.
Modern.az xəbər verir ki, “Axios” nəşrinin məlumatına görə, tədbirə Azərbaycan, Ermənistan, Qazaxıstan və Özbəkistan liderləri dəvət olunub və rəsmi Bakının sammitdə yüksək səviyyədə təmsil olunacağı gözlənilir.
Amerikalı rəsmilər görüşü formal olaraq Qəzza sektorunun bərpası üçün humanitar vəsait toplama platforması kimi təqdim etsələr də, proses Tramp administrasiyasının müharibədən sonrakı nizamlanma üçün öz siyasi mexanizmini qurmaq cəhdi kimi qiymətləndirilir.
ABŞ-ın planına əsasən, “Sülh Şurası” Qəzzada atəşkəsə nəzarət etməli, idarəetmə və bərpa proseslərini koordinasiya etməlidir. Qeyri-rəsmi olaraq üzv ölkələr üçün təxminən 23 milyon dollarlıq “standart” töhfə, daimi üzvlük üçün isə bir milyard dollar səviyyəsində ödəniş nəzərdə tutulur.
Sammit ABŞ-ın “United States Institute of Peace” binasında keçiriləcək. Qurum yaxın vaxtlarda rəsmi şəkildə “Donald Tramp adına Sülh İnstitutu” adlandırılıb və bu addım institutun ekspert mərkəzindən siyasi brend elementinə çevrildiyi kimi dəyərləndirilir. Görüş, eyni zamanda, ABŞ-ın Qəzza planının ikinci mərhələsinin müzakirə olunduğu bir vaxta təsadüf edir.
Sammitdən bir gün əvvəl, 18 fevralda İsrailin baş naziri Benyamin Netanyahunun Donald Trampla Ağ Evdə görüşü planlaşdırılır. Bu danışıqların nəticəsinin “Sülh Şurası” təşəbbüsünün gələcək taleyinə ciddi təsir göstərə biləcəyi bildirilir. ABŞ-ın müsəlman ölkələrindən stabilləşdirici qüvvələr yaratmaq ideyasında Azərbaycanın adı çəkilsə də, rəsmi Bakı riskli hərbi missiyalarda iştirak etməyə hazır olmadığını bəyan edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.