RU

“Şagirdlər məktəb əvəzinə hazırlıq kurslarına gedirlər, direktorun qızı da…” – VİDEO

Bərdə rayonunun Lənbəran kənd tam orta məktəbində 11-ci sinif şagirdlərinin dərsə gəlməməsi ilə bağlı müəllimin yaydığı görüntülər müzakirələrə səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, sorğuya cavab olaraq Qarabağ Regional Təhsil İdarəsindən bildirilib ki, şagirdlər elə həmin görüntüləri yayan Qasım Ramiz oğlu Hümbətovun icazəsi ilə evə buraxılıblar.

Həmçinin qurumdan bildirilib ki, qeyd olunan videogörüntüləri paylaşan müəllim barəsində “Təhsilverənlərin etik davranış qaydaları”nın pozulması ilə əlaqədar müvafiq tədbir görülüb.

Lənbəran kənd tam orta məktəbinin fizika müəllimi Qasım Hümbətov bildirib ki, Qarabağ Regional Təhsil İdarəsindən verilən açıqlama həqiqəti əks etdirmir:

“Şagirdlərə mənim tərəfimdən heç bir icazə verilməyib. Şagirdlər hazırlıq kurslarına getdiyi üçün dərslərdə iştirak etmirlər. Bu proses uzun müddətdir davam edir. Elə məktəb direktoru Mahmud Məmmədovun qızı da həmin sinifdə oxuyur. Mən dəfələrlə davamiyyətlə bağlı yaranan problemlərə görə məktəb rəhbərliyinə də, aidiyyəti təhsil qurumlarına da müraciət etmişəm. Əfsus ki, heç bir tədbir görülmür. Məktəbimiz rayon içərisində yüzə yaxın təhsil ocağı arasında ən son sırada yer alanlardan biridir.

Dəfələrlə şikayət etdiyimə görə, qanunsuz olaraq işdən azad edilmişəm və məhkəmənin qərarı əsasında işimə bərpa olunmuşam.

Həmçinin Qarabağ Regional Təhsil İdarəsinin barəmdə müvafiq tədbirlər görülməsi ilə bağlı verdiyi açıqlama da həqiqəti əks etdirmir. Barəmdə heç bir tədbir görülməyib və əgər görülübsə də, bu barədə mənə heç bir məlumat verilməyib”. /oxu.az/

Избранный
31
5
nocomment.az

6Источники