RU

Müəllimini güllələyən məktəbli ilə bağlı DƏHŞƏTLİ FAKTLAR – Görün nələri izləyib

Sosial mediada Bakıda müəlliminə atəş açan “İdrak” liseyinin şagirdinə aid olduğu iddia edilən TikTok hesabı ilə bağlı yeni məlumatlar yayılıb. Həmin profildə paylaşılan materialların böyük hissəsi 2018-ci ildə Krımda Kerç Kollecinə hücum edərək çoxsaylı insanın həyatına son qoyan Vladislav Roslyakovla əlaqəli məzmunlardan ibarət olub.

NOCOMMENT.az xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, yeniyetmə hadisədən əvvəl uzun müddət internet oyunlarında və müxtəlif sosial şəbəkə qruplarında fəal iştirak edib. Bu platformalarda silah, zorakılıq və aqressiv davranışları təbliğ edən videoların geniş yayıldığı bildirilir. Məktəb rəhbərliyi də şagirdin bu istiqamətdə maraqlarını vaxtında fərq edərək ailəsini dəfələrlə məlumatlandırıb.

Qeyd edək ki, hadisə Bakının Binəqədi rayonunda yerləşən “İdrak” özəl liseyində baş verib. 10-cu sinif şagirdi E.Ş. atasına məxsus ov tüfəngini çantasına qoyaraq məktəbə gətirib və riyaziyyat müəllimi, 1997-ci il təvəllüdlü Şəhlə Kamilovaya atəş açıb. Nəticədə müəllimə xəsarət alıb, şagird isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Məlumata görə, məktəblinin silah nümayiş etdirdiyi və aqressiv davranışları əks etdirən paylaşımlar digər yeniyetmələrin olduğu qruplarda da yayılıb. Lakin əksər yaşıdları bu paylaşımları real təhlükə kimi qiymətləndirməyib və hadisənin qarşısının vaxtında alınması mümkün olmayıb.

Məsələ ilə bağlı İT və kibertəhlükəsizlik üzrə mütəxəssis Samir Qasımov NOCOMMENT.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə nəzarətsiz fəaliyyət yeniyetmələrin psixoloji durumuna ciddi təsir göstərir. Onun sözlərinə görə, platformaların alqoritmləri istifadəçilərə maraqlarına uyğun məzmun təqdim etdiyindən, zorakılığa meyilli uşaqlar zamanla daha radikal və təhlükəli videolarla qarşılaşırlar: “Valideynlər övladlarının internetdə hansı səhifələri izlədiyini, kimlərlə ünsiyyətdə olduğunu və hansı oyunlarla məşğul olduğunu daim nəzarətdə saxlamalıdırlar. Bunun üçün valideyn nəzarəti proqramlarından istifadə, ekran vaxtının məhdudlaşdırılması və uşaqlarla açıq ünsiyyətin qurulması vacibdir. Təhsil müəssisələri də bu prosesdə fəal iştirak etməli, şagirdlər üçün rəqəmsal təhlükəsizlik, onlayn etik davranış və risklər barədə mütəmadi maarifləndirici tədbirlər keçirməlidir. Yalnız valideyn, məktəb və mütəxəssislərin birgə fəaliyyəti nəticəsində yeniyetmələri sosial şəbəkələrin mənfi təsirindən qorumaq mümkündür. Bu hadisə bir daha göstərir ki, rəqəmsal mühitdə nəzarətsiz qalmaq real həyatda ağır nəticələrə gətirib çıxara bilər və bu sahədə profilaktik tədbirlərin gücləndirilməsi zəruridir”.

img_20260208_120658_987.jpg

Избранный
23
nocomment.az

1Источники