RU

Bakıda Asiman qalereyasının açılışı və Susuzluq adlı rəsm silsiləsinin təqdimatı keçirilib

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

7 fevral tarixində Bakıda "Asiman" qalereyasının rəsmi açılışı və azərbaycanlı rəssam İntiqam Ağayevin "Susuzluq" adlı yeni rəsm silsiləsinin təqdimatı baş tutub.

Oxu.Az xəbər verir ki, "Susuzluq" rəssamın müasir dövrün ən aktual problemlərindən birinə - həyatın və yaddaşın mənbəyi olan su ehtiyatlarının tükənməsinə həsr olunmuş yeni işlər silsiləsidir. Əsərlərdə Xəzər dənizinin və Kür çayının quruması, Abşeronun təbii landşaftının deqradasiyası əks olunub. Bu ekoloji faktlar itki, narahatlıq və dünyanın kövrəkliyi kimi anlayışların vizual metaforları şəklində təqdim edilib.

Asiman təxəllüsü ilə tanınan rəssamın yaradıcılığında Abşeron məkanı keçmişlə bu günün, təbiətlə insan müdaxiləsinin nəticələrinin toqquşduğu bir yerdir. Rəsmlərdə torpaqdakı çatlar və suyun nadir izləri yaddaşı və zaman burulğanlarını simvolizə edir.

"Susuzluq" silsiləsi ekoloji fəlakətin sadə illüstrasiyası deyil, daha çox emosional bir jest və bədii şahidlikdir. Rəssam boyakarlıq dili vasitəsilə tamaşaçıları insan məsuliyyətinin sərhədləri və laqeydliyin qarşılığı haqqında düşünməyə vadar edir.

Tədbirdə tanınmış mədəniyyət xadimləri, görkəmli rəssamlar, eləcə də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mətbuat katibi Ceyhun Musaoğlu, yazıçı Arif Ərşad, Sumqayıtın "Dostlar Klubu"nun üzvü Əli Əmirli, hərbi ekspert Tərlan Eyvazov və digər ictimai xadimlər iştirak ediblər.

Açılış mərasimində giriş nitqi ilə qalereyanın direktoru İqbal Həsənəlizadə və layihənin art-meneceri Sofiya Frank çıxış ediblər. Həmçinin tədbirin qonaqlarına söz verildi və onlar sərgi, eləcə də qalereyanın fəaliyyəti ilə bağlı təəssüratlarını bölüşüblər.

Gecəni xanəndə Qızılgül Babayevanın ifası daha da bəzəyib.

Qeyd edək ki, İntiqam Ağayev Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin məzunudur, əsasən impressionizm üslubunda çalışır və yağlı boya texnikasında əsərlər yaradır. Onun işləri həm Azərbaycanda, həm də xaricdə sərgilənib və şəxsi kolleksiyalarda saxlanılır.

Asiman qalereyası paytaxtın mərkəzində yerləşən, Azərbaycan Rəssamlar İttifaqına məxsus binanın mansardında fəaliyyət göstərir və eyni zamanda yaradıcılıq emalatxanası funksiyasını daşıyır. Qalereyada hər ay yenilənmiş ekspozisiya təqdim olunacaq.

Bu sərgi 28 fevrala qədər davam edəcək, növbəti sərgi isə Novruz bayramı mövzusuna həsr olunacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
54
3
oxu.az

4Источники