BAKI, TurkicWorld, Orxan Qədirzadə
Suriya ilə Səudiyyə Ərəbistanı arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və ölkənin əsas infrastrukturunun yenilənməsi məqsədi ilə mühüm razılaşmalar əldə olunub.
TurkicWorld xəbər verir ki, Suriya Prezidenti Əhməd əş-Şəraanın himayəsi altında Dəməşqdə keçirilən rəsmi mərasimdə iki ölkə arasında aviasiya, infrastruktur, su təsərrüfatı, təhsil və rabitə sahələrini əhatə edən genişmiqyaslı əməkdaşlıq sazişləri imzalanıb.
İmzalanma mərasimində Səudiyyə Ərəbistanının investisiya naziri Xalid əl-Falih, rabitə naziri Abdullah əs-Səvaha, aparıcı Səudiyyə şirkətlərinin nümayəndələri və Suriyanın müvafiq qurumlarının təmsilçiləri iştirak ediblər. Razılaşmalar Suriyanın iqtisadi dirçəlişinə və gündəlik həyatla birbaşa bağlı sahələrdə canlanmaya xidmət edir.
Suriya İnvestisiya Heyətinin rəhbəri Tala əl-Hilali çıxışında bildirib ki, əldə olunan razılaşmalar rəqəmsal əlaqələrin gücləndirilməsi, rabitə imkanlarının yaxşılaşdırılması və infrastrukturun modernləşdirilməsinə yönəlib. Onun sözlərinə görə, aviasiya əlaqələrinin inkişafı məqsədilə Suriya–Səudiyyə ortaq hava yolu şirkəti də yaradılıb.
Səudiyyə Ərəbistanının investisiya naziri Xalid əl-Falih isə bildirib ki, Səudiyyə mərkəzli “İlaf” investisiya fondunun yaradılması qərara alınıb. Bu fond çərçivəsində su təmizləmə layihələri, aviasiya infrastrukturu, rəqəmsal şəbəkələr, kabel rabitəsi müəssisələrinin idarə edilməsi və iki hava limanının yenidən qurulması üzrə sazişlər imzalanıb. Ümumilikdə Səudiyyə Ərəbistanının Suriyaya yatıracağı investisiyaların həcmi 2 milyard dollar olaraq müəyyən edilib.
Razılaşmalara əsasən, telekommunikasiya infrastrukturunun yenilənməsi, hava limanlarının inkişafı və birgə hava nəqliyyatı şirkətinin yaradılması layihələri yaxın mərhələdə icra olunacaq.
ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak Səudiyyə Ərəbistanı ilə Suriya arasında imzalanan razılaşmaları müsbət qiymətləndirib. O bildirib ki, aviasiya, infrastruktur və rabitə sahələrində qurulan strateji tərəfdaşlıq Suriyanın yenidən qurulması prosesinə real töhfə verə bilər.
Barak vurğulayıb ki, regional sabitliyin təmin olunması üçün bölgə ölkələrinin öz gələcəklərinə dair məsuliyyət daşıması vacibdir və bu əməkdaşlıq həmin yanaşmanın praktiki təzahürüdür.