RU

Azərbaycanlı alimdən rəqəmsal iqtisadiyyatla bağlı yeni tədqiqat 

AzEdu.az-ın əldə etdiyi məlumata görə,  İqsad üzrə fəlsəfə dokturu Fikrətzadə Firdovsi hazırda Böyük Britaniyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Nottingham Universitetində qonaq tədqiqatçı kimi fəaliyyət göstərir. O, ötən ilin dekabr ayından universitetin Global Centre for Banking and Financial Innovation (GCBFI) tədqiqat mərkəzində elmi araşdırmalar aparır.

Dünya universitetləri reytinqində ilk yüzlükdə yer alan, İngiltərədə isə ən güclü 20 universitetdən biri hesab olunan Nottingham Universitetində fəaliyyətin onun üçün olduqca faydalı təcrübə olduğunu bildirən F. Firdovsi, 25 ildən artıq tədqiqatçı, analitik və siyasət təhlili sahəsində topladığı karyerasına bu mərhələnin mühüm töhfə verdiyini vurğulayıb.

Tədqiqatçı universitetdə həmkarları ilə birgə aparılacaq araşdırmanın mövzusu kimi Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı və bu çərçivədə kənd təsərrüfatı maliyyəsi sisteminə FinTeklərin tətbiqini təklif etdiyini qeyd edib. Onun sözlərinə görə, dekabr ayında ölkəmizdə bu sahə ilə bağlı yeni Strategiyanın qəbul olunması mövzu seçimini daha da aktuallaşdırıb.

F. Firdovsi bildirib ki, universitetin geniş tədqiqat potensialı eyni vaxtda müxtəlif istiqamətlər üzrə araşdırmalar aparmağa imkan verir və konkret istiqamətə fokuslanan mövzu böyük maraqla qarşılanıb.
Fevralın 5-də aparılan tədqiqatın ilkin nəticələri ilə bağlı universitetdə elmi seminar təşkil olunub. Seminarın əsas təqdimatçısı olan F. Firdovsi “Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı: siyasət təşəbbüsləri, nailiyyətlər və kənd təsərrüfatı maliyyəsi üzrə çağırışlar” mövzusunda çıxış edib.

Təqdimatda ölkədə elektron hökumət infrastrukturunun inkişafı, ASAN xidmət təcrübəsi, 945 dövlət xidmətinin elektronlaşdırılması, xidmətlərin çevikliyi və şəffaflığının artırılması kimi mühüm nailiyyətlər diqqətə çatdırılıb. Eyni zamanda, İKT infrastrukturunun göstəriciləri – ev təsərrüfatlarının 90%-dən çoxunun internetə çıxışı, təxminən 80%-də kompüterin, 95%-də isə mobil telefonun olması beynəlxalq göstəricilərlə müqayisədə məqbul səviyyədə qiymətləndirilib.

Araşdırmada son illərdə rəqəmsal ödəniş infrastrukturunun inkişafı nəticəsində bank hesablarının və kartlarının sayında, eləcə də nağdsız əməliyyatların həcmində çoxsaylı artımların qeydə alındığı da vurğulanıb.
Tədqiqatın əsas fokusunun kənd təsərrüfatının maliyyələşdirilməsində müasir maliyyə alətlərinin tətbiqi olduğunu deyən F. Firdovsi bu sahədə üç mühüm nailiyyəti qeyd edib: subsidiya siyasətinin e-agro (EKTİS) üzərindən həyata keçirilməsi, ödənişlərin fermer kartları vasitəsilə aparılması və subsidiyanın yalnız 25%-nin nağdlaşdırıla bilməsi, qalan hissənin isə elektron platformalar vasitəsilə kənd təsərrüfatı vasitələrinin alınmasına yönəldilməsi.

Bununla yanaşı, kənd təsərrüfatının vergidən azad olunmasının bəzi inzibati çətinliklər yaratdığı bildirilib. Belə ki, fermerlərin vergi bəyannaməsi və satış sənədləşməsi öhdəliyinin olmaması tədarükçülərin xərcləri rəsmiləşdirməsini çətinləşdirir, vergi inzibatçılığına təsir göstərir və fermerlərin kredit reytinqinin formalaşmasına mane olur.

Tədqiqatda bu problemlərin FinTek platformalarının tətbiqi ilə aradan qaldırıla biləcəyi qənaətinə gəlinib. Belə platformalar vasitəsilə kənd təsərrüfatı məhsullarının ticarətinin aparılması həm dövriyyənin şəffaflaşmasına, həm də biznes subyektlərinin alış xərclərinin avtomatik rəsmiləşməsinə imkan verə bilər. Eyni zamanda, fermerlərin elektron maliyyə tarixçəsinin formalaşması onların kreditə çıxış imkanlarını artırar.
Araşdırma çərçivəsində Hindistan, İndoneziya, Böyük Britaniya, Keniya, Nigeriya, ABŞ və Türkiyənin təcrübələrinin geniş şəkildə öyrənildiyi qeyd olunub.

F. Firdovsi tədqiqat başa çatdıqdan sonra praktiki nəticələrlə bağlı aidiyyəti dövlət qurumlarına ətraflı təqdimat edəcəyini bildirib. Seminar zamanı universitet alimləri də mövzunun konseptual çərçivələri və metodologiyasının təkmilləşdirilməsi, həmçinin araşdırmanın daha geniş coğrafiyanı əhatə etməsi üçün müvafiq tədqiqat mərkəzinin fəaliyyət planına daxil edilməsi istiqamətində təkliflərlə çıxış ediblər.

Tədqiqatçı, həmçinin bu akademik fasilə müddətində iş yerində yaradılan şəraitə və göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib.

Избранный
32
1
azedu.az

2Источники