RU

Təhsil və fürsətlər düzgün dəyərləndirilməlidir - “Invest Time” podkastının növbəti qonağı Deputat Ceyhun Məmmədov oldu

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Ceyhun Məmmədov UNEC–Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələrinin hazırladığı “Invest Time” podkastının ikinci buraxılışında gənclərlə açıq və səmimi söhbət aparıb.

TurkicWorld xəbər verir ki, deputat podkast zamanı gənclərin qarşısında duran əsas problemlər, fürsətlərin vaxtında dəyərləndirilməməsi və təhsilin həlledici rolu barədə fikirlərini bölüşüb. O bildirib ki, müasir dövrdə bilik və bacarıqların inkişafı yalnız fərdi uğur üçün deyil, bütövlükdə cəmiyyətin tərəqqisi üçün vacib şərtdir.

Ceyhun Məmmədov vurğulayıb ki, bir çox gənclər mövcud imkanların əhəmiyyətini gec anlayır və bu da gələcək karyera planlarına mənfi təsir göstərir. Deputatın sözlərinə görə, təhsil yalnız diplom əldə etmək vasitəsi deyil, düşüncə tərzinin formalaşması və məsuliyyət hissinin güclənməsi üçün əsas mexanizmdir.

Podkast çərçivəsində gəncləri düşündürən suallara cavab verən deputat, real həyat nümunələri əsasında tövsiyələr səsləndirib. O qeyd edib ki, gənclər uzunmüddətli hədəflər müəyyənləşdirməli, öz üzərlərində davamlı işləməli və qısa müddətli rahatlıqlar naminə gələcək perspektivləri riskə atmamalıdırlar.

Söhbət zamanı gənclərin cəmiyyətin fəal üzvünə çevrilməsi, ictimai proseslərdə iştirakının artırılması və məsuliyyətli vətəndaş mövqeyinin formalaşdırılması məsələlərinə də toxunulub. Deputat bildirib ki, gələcək dəyişikliklərin əsas hərəkətverici qüvvəsi məhz savadlı və təşəbbüskar gənclərdir.

“Invest Time” podkastının bu buraxılışı gənclər arasında müzakirələrə səbəb olan mövzuları gündəmə gətirməklə yanaşı, şəxsi inkişaf və təhsil barədə baxışların yenidən qiymətləndirilməsinə zəmin yaradıb.

Избранный
35
turkic.world

1Источники